Ermənistanın Baş naziri Nikol Paşinyan ŞƏT+ görüşündə bildirib ki, münaqişə şəraitində suverenlik və müstəqilliyin təmin edilməsi mümkün olmadığı üçün Ermənistan Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa doğru irəliləyir.
Paşinyan Ermənistanın balanslı siyasət yürütdüyünü xatırladıb:
"Əgər hər hansı bir geosiyasi güc mərkəzinin cazibəsi ölkənin müstəqilliyini məhv edə biləcək qədər güclənərsə, İrəvan tarazlığı qorumaq, suverenliyi və müstəqilliyi təmin etmək üçün digər qütblə əlaqələrini gücləndirəcək".
Paşinyan qeyd edib ki, son illərdə Ermənistan Gürcüstan, Çin, Qazaxıstan, ABŞ, Fransa, Niderland, Almaniya, Lüksemburq, Böyük Britaniya, Bolqarıstan, Xorvatiya və Litva ilə strateji əməkdaşlıq müqavilələri imzalayıb. İran və Hindistanla münasibətlər əslində strateji xarakter daşıyır, İrəvan isə onları rəsmiləşdirmək üçün çalışır.
Ermənistan baş nazirinin sözlərinə görə, İrəvan dost İran və Gürcüstanla münasibətləri inkişaf etdirərkən digər iki qonşusu - Türkiyə və Azərbaycanla dövlət münasibətləri qurmaq istiqamətində irəliləyir. O qeyd edib ki, "bu proses ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə sülhün bərqərar olmasından sonra daha konkret hala gəlib".
İrəvan hazırda Bakı və Ankara ilə kommunikasiyaların açılması üzərində işləyir, o cümlədən TRIPP layihəsi vasitəsilə və yaxın aylarda həyata keçirilməsinə başlanacaq.
Paşinyan bildirib ki, bu, təkcə Şərqdən Qərbə (Xəzər dənizindən Aralıq dənizinə) deyil, həm də Cənubdan Şimala (Fars körfəzindən Qara dənizə) nəqliyyat imkanları açacaq.
Ermənistanın baş naziri bildirib ki, layihənin həyata keçirilməsindən regiondakı bütün ölkələr faydalanacaq.