Gündəm Bugün, 22:30

İnsult keçirənlərin 20 faizi bir ay ərzində ölür - Həkimdən XƏBƏRDARLIQ



İnsult keçirən xəstələrin təxminən 20 faizi ilk 30 gün ərzində həyatını itirir. Ölüm riski yaş, yanaşı xəstəliklər və insultdan sonra ixtisaslı tibbi yardımın nə qədər tez göstərilməsindən asılıdır.

Bunu Rusiyanın akademik B.V. Petrovskinin adına Milli Cərrahiyyə Mərkəzinin 2 saylı Milli Klinik Mərkəzinin nevrologiya və paroksizmal vəziyyətlər şöbəsinin müdiri Yelena Surskaya “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, “Oxfordshire Community Stroke Project” araşdırması ilk dəfə insult keçirən xəstələrin 19 faizinin 30 gün ərzində öldüyünü göstərib. Ayrı-ayrı ölkələrdə bu göstərici 10,3-22 faiz arasında dəyişir. Bununla belə, 20 faiz bir çox ölkə üçün ümumi statistik göstərici hesab olunur.

Surskaya qeyd edib ki, insultdan sonra əlillik göstəriciləri ölkədən və tədqiqat metodologiyasından asılı olaraq dəyişir. Rusiyada insultdan sağ çıxanların 66-75 faizi bir il sonra əlilliklə üzləşir. Beynəlxalq araşdırmalara əsasən, ölüm və ya əlilliklə nəticələnən halların payı ilk ayda bütün xəstələrin yarısından bir qədər çoxunu, bir ildən sonra isə 53 faizini təşkil edib.

Həkim vurğulayıb ki, insanın yaşı artdıqca insultdan ölüm riski də əhəmiyyətli dərəcədə yüksəlir.

Bundan başqa, şəkərli diabet, ürək çatışmazlığı, qulaqcıqların fibrilyasiyası və əvvəllər insult keçirmək xəstəliyin proqnozunu pisləşdirən amillərdir. Xəstəxanaya yerləşdirilərkən qanda şəkərin yüksək olması və arterial təzyiqin artması da ölüm ehtimalını yüksəldir.

Mütəxəssis bildirib ki, xəstənin ixtisaslaşmış damar xəstəlikləri şöbəsinə yerləşdirilməsi, müalicəyə və reabilitasiyaya erkən başlanılması ölüm riskini azalda bilər.

Xəbər lenti