Gündəm Dün, 23:30

Diabet xəstələrinə MÜJDƏ: Bu vitamin yaddaşı qoruya bilər



Çinli alimlər E vitamininin şəkərli diabet xəstələrində sinir hüceyrələrini qorumağa və yaddaş zəifliyinin qarşısını almağa kömək edə biləcəyini müəyyən ediblər.

Araşdırma “Frontiers in Nutrition” jurnalında dərc olunub.

Tədqiqatçılar əvvəlki elmi işləri təhlil edərək E vitamininin diabetlə əlaqəli idrak pozuntularına mümkün təsirini qiymətləndiriblər.

Şəkərli diabet zamanı insanın idrak qabiliyyətləri zəifləyə, yadda saxlamaq, diqqəti cəmləmək və məlumatları emal etmək çətinləşə bilər. Bu problemlər uzunmüddətli iltihab, oksidləşdirici stress, insulinin fəaliyyətindəki pozuntular və sinir hüceyrələrinin zədələnməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, E vitamini yağda həll olan antioksidantdır. O, hüceyrə membranlarını sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir. Alimlər bu vitaminin qeyd olunan proseslərə təsiri ilə bağlı məlumatları araşdırıblar.

Laboratoriya təcrübələri və heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, E vitamininin bəzi formaları sinir toxumasında oksidləşdirici stressi və iltihabı azalda bilər. Bununla yanaşı, həmin maddələr neyronlar arasındakı əlaqələri dəstəkləyə, hüceyrələrin insulinə həssaslığını artıra və beyin damarlarının fəaliyyətinə təsir göstərə bilər.

Tədqiqatçıların fikrincə, bu xüsusiyyətlər E vitaminini diabetlə əlaqəli beyin pozuntularından qorunma baxımından perspektivli vasitəyə çevirir. Bununla belə, hansı formaların və dozaların daha təsirli olduğunu müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Qeyd olunur ki, araşdırma E vitamininin insanlarda yaddaş zəifləməsinin qarşısını aldığına dair qəti sübut təqdim etmir. Onun effektivliyini və optimal dozasını müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmalıdır.

Xəbər lenti