Gündəm / Siyasət Bugün, 20:00

Paşinyandan Moskvaya Astana mesajı - Rusiyanın arxasınca “iş çevirməyəcək”, amma...



Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın dəmir yollarının Rusiyanın konsessiya idarəçiliyində olan taleyini Qazaxıstan nümayəndə heyəti ilə müzakirə etmək ehtimalını istisna etməyib.

Planetinfo.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Mətbuat konfransı zamanı Paşinyandan Ermənistan dəmir yolu şəbəkəsinin gələcək idarəçiliyi ilə bağlı danışıqları hansı istiqamətlərdə aparmağı planlaşdırdığı soruşulub. Respublika hökumətinin başçısı bu məsələni Astana ilə də müzakirə etməyə hazır olduğunu bildirib.

"Bəli, mümkündür ki, bu məsələni Qazaxıstan nümayəndə heyəti ilə də müzakirə edək", — deyə o təsdiqləyib.

Paşinyan vurğulayıb ki, İrəvan bununla belə Moskva ilə dialoqa hələ də açıqdır və "bu istiqamətdə işlər davam etdiriləcək". Onun sözlərinə görə, dəmir yollarının mövcud idarəetmə sxemi ilə Ermənistan strateji və rəqabət üstünlüklərini itirir.

Ermənistan hökumətinin başçısı əmin edib ki, bu barədə Rusiyanın "arxasınca" üçüncü tərəflərlə danışıqlar aparmaq niyyətində deyil. Paşinyan demək istəyir ki, mən bu məsələni (dəmir yollarının idarəçiliyini) Rusiya ilə razılaşdırmadan və ya ondan gizli şəkildə başqa ölkələrlə (məsələn, Qazaxıstanla) müzakirə edib qərar verməyəcəyəm. Yəni hər şey şəffaf olacaq və Rusiya tərəfi bu danışıqlardan xəbərdar olacaq.

Fevralın ortalarında Paşinyan Moskvaya Ermənistanın dəmir yolu şəbəkəsinin konsessiyasını satmağı təklif etmişdi, dekabrda isə xəbərdarlıq etmişdi ki, əgər yolların operativ təmiri təmin olunmasa, respublika hakimiyyəti onları geri alacaq və bərpa işlərinə öz büdcəsi hesabına başlayacaq.

Ermənistan dəmir yollarını 2008-ci ildə imzalanmış konsessiya müqaviləsi əsasında "Cənubi Qafqaz Dəmir Yolu" (CQDY) idarə edir. Bu sənədin qüvvədə olma müddəti 30 ildir.

Xəbər lenti