Avropa İttifaqı yaxın günlərdə Avstraliya, Qana və İslandiya ilə müdafiə sahəsində əməkdaşlıq müqavilələri imzalayacaq.
Planetinfo.az xəbər verir ki, bu məlumatı Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas təsdiqləyib.
"Bu həftənin sonlarında onuncu təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsini Avstraliya ilə, yaxın günlərdə isə İslandiya və Qana ilə imzalayacağam. Bir çox başqa ölkələr bizimlə maraqlanır və qapımızı döyür", - deyə o, Brüsseldə keçirilən Aİ Daimi Nümayəndələr Konfransında deyib.
Kallas xatırladıb ki, Aİ-nin NATO ilə strateji tərəfdaşlığı, eləcə də icmanın Avropa, Asiya və Şimali Amerika ölkələri ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə doqquz tərəfdaşlıq müqaviləsi var.
Qana ilə müqavilə Aİ-nin Afrika dövləti ilə imzaladığı ilk belə sənəd olacaq. Bu ölkənin xarici işlər naziri Samuel Ablakvanın sözlərinə görə, müqavilə regionda terrorizmlə mübarizəni hədəfləyir.