Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə təqdim edilən məsələlərdən biri də dövlət büdcəsi, məqsədli büdcə fondları, büdcədənkənar dövlət fondlarından ayrılan vəsaitin təyinatı üzrə istifadə edilməməsi zamanı büdcə intizamı, dövlət maliyyə maraqlarını pozan münasibətləri nəzərdə tutulub.
Planetinfo.az xəbər verir ki, deputat Əminə Ağazadə bununla bağlı Qanunda nəzərdə tutulan dəyişklikləri təqdim edib.
Belə ki, təqdim edilən layihələrə əsasən dövlət orqanları, habelə anlayışı layihədə verilən hüquqi şəxslər tərəfindən təyinatından kənar istifadə olunan vəsaitin məbləği 50 min manata qədər olduqda inzibati xəta kimi nəzərdə tutulması bu məbləğdən yuxarı olduqda isə, yəni xeyli miqdarda törədildikdə bu əməllərin cinayət məsuliyyətinə səbəb olması təklif edilir.
Dəyişikliyə əsasən qüvvədə olan qanunvericiliyin mətnindən fərqli olaraq həm İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə, həm də Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin adına “dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri əlavə edilməklə onlara ayrılan vəsaitin də təyinatından kənar istifadə edilməsinin sanksiyalaşdırılması təklif edilir.
Bildiyimiz kimi CM-nin 308-1-ci maddəsi Məcəlləyə 2016-cı ildə qəbul edimişdir. Bu cinayətin obyekti dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən istifadə sahəsində yaranan, büdcə intizamı və dövlət maliyyə maraqlarını qoruyan ictimai münasibətlərdir. Bu maddənin qəbulundan 10 il keçib və bu müddət ərzində dövlətə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin dairəsi də kifayət qədər genişlənmişdir.
Bununla belə son illərdə dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısı tərəfindən qəbul edilmiş bir sıra normativ-hüquqi aktlar (29 dekabr 2025-ci il və 25 avqust 2025-ci il tarixli Fərmanlar) və aparılmış institutsional islahatlar (hüquqi şəxslərin birləşməsi, yenidən təşkil edilmə, optimallaşma siyasəti) dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadəsinə nəzarəti artırmışdır.
Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları da təsdiq edilmişdir.
Qeyd edilənlərin məntiqi davamı olaraq AR Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihəsində cəza siyasətinin məqsədi, dövlətə məxsus olan hüquqi şəxslərə də ayrılan vəsaiti qanunsuz istifadə edildikdə cinayətin və inzibati xətanın predmeti dairəsinə əlavə etməkdən ibarətdir.
CM-nə təklif edilən dəyişikliklərə görə cərimə cəzasının konkret məbləğlə deyil, birbaşa vurulan zərərlə əlaqələndirilməsi və təyinatından kənar istifadə olunan vəsaitin yüz faizi miqdarında müəyyən edilməsi təklif edilir. Eyni zamanda külli miqdarda törədilən cinayət əməllərinə görə cəzaların dairəsinə "üç ilədək müddətə azadlığın məhdudlaşdırılması" cəzası da əlavə edilir.
Hər iki məcəlləyə edilən dəyişikliyə görə qanunvericilikdə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxsin müvafiq məsuliyyətə səbəb olmuş vəsaiti tamamilə ödədiyi halda məsuliyyətdən azad olunmasının təklif edilməsi də hesab edirəm ki, dövlətin humanizm siyasətinin nümunəsi kimi nəzərdə tutulur.