Sosial 6-11-2025, 10:50

Boşanma zamanı ipoteka ilə alınan mülk tərəflər arasında bölünürmü?

Boşanma zamanı ipoteka ilə alınan mülk tərəflər arasında bölünürmü?
Son vaxtlar cəmiyyətdə tez-tez müşahidə edilən problemlərdən biri də nikahın pozulması və boşanma hallarının baş verməsidir. Belə olan halda isə tərəflər arasında əsas mübahisə predmeti mülkün, əmlakın bölünməsi ilə bağlı olur. Bəzi hallarda cütlüklərdən birinin nikahdan əvvəl aldığı mülk, yaxud ipotekaya götürdüyü mənzil də tərəflər arasında ciddi mübahisəyə səbəb olur. Belə ki, ər və ya arvad nikahdan əvvəl alınan mülkün də bölünməsini tələb edir. Bəs görəsən bu məqam qanunvericilikdə, Ailə Məcəlləsində necə təsbit olunub?

Bu barədə Planetinfo.az-a açıqlama verən hüquqşünas Əli İbrahimov deyib ki, əgər ev nikahdan əvvəl alınıbsa, yəni mülkiyyət hüququ nikahdan əvvəl kişinin adına rəsmiləşdirilibsə, bu halda həmin ev ər-arvadın birgə mülkiyyəti sayılmır və xanıma ondan pay düşmür:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikaha qədər əldə edilən əmlak şəxsi mülkiyyət hesab olunur və yalnız nikah dövründə əldə edilən əmlak birgə mülkiyyət sayılır. Evin ipoteka ilə alınması vəziyyəti dəyişmir, yəni əsas meyar mənzilin əldə olunma və rəsmiləşmə tarixidir”.
Hüquqşünas buna baxmayaraq bur istisna məqamın da olduğunu deyib:
“Əgər qadın nikah dövründə həmin ipoteka borcunun ödənilməsində real şəkildə iştirak edib, öz gəlirindən müəyyən məbləğlər ödəyibsə və bunu sübut edə bilirsə, məhkəmə bu halda ona ödənilən hissəyə uyğun olaraq müəyyən pay və ya kompensasiya tanıya bilər. Lakin bu, artıq birgə mülkiyyət deyil, sadəcə real maliyyə töhfəsinə görə hesablanan paydır. Yəni ümumilikdə nikahdan əvvəl alınmış ev xanımın payına düşmür”.

Süleyman

Xəbər lenti