Gündəm Bugün, 19:10

Azərbaycanın bu şəhərinə “getmək” olmur...



Xankəndidə olmaq necə bir hissdir? Necə ifadə etsəm, ürəyim görünər? Qəlbimin hər telinin necə titrədiyini hansı kəlmələrlə ifadə edə bilərəm?..

Sanki bir topa kəpənəyi doldurublar köksümə. Qanadlarını çırpa-çırpa uçuşurlar, çırpınırlar, musiqili tərpənişlə qəlbimin, könlümün, gözümün də simlərinə toxunur, ruhumu ritm-ritm pərvazlandırırlar...

Qeyri-adi məqamdır: yerdəsən, göydəsən, bilmirsən. Bircə onun fərqindəsən ki, Xankəndidəsən. Burada olmaq, bu torpağa ayaq basmaq, havasını ciyərlərinə çəkmək, üzünü-gözünü sığallayan mehə toxunmaq, onu udum-udum, nəfəs-nəfəs damarlarına hopdurmaq qəribə, məstanə, indiyədək heç yaşamadığım duyğulardır...

Sevgidir, təbii. Amma əvvəllər olmamış kimi bir sevgidir. İndiyədək sevgini necə təsəvvür etmisənsə, bu, o deyil. Bu, tamam başqa bir şeydir. İzaholunmaz, təsvirəgəlməz, ovucasığmaz, miqyassız, nəhəng, uca…

Bütün varlığınla zərrəsinədək hiss edə bilərsən, yaşaya bilərsən. Amma soruşsalar ki, nə hiss etdin, dayanıb susarsan. Çünki bəzən söz də insanın hisslərinin qarşısında aciz qalır. Qəlbinin nəql etdiyini dil çatdıra bilmir.

Mənim Şəhərim belə bir şəhərdir…

Mən Xankəndini ilk dəfə görmürəm. Amma ilk dəfə görürmüşcəsinə baxıram ona, seyr edirəm, fəxr edirəm, şükr edirəm, dua edirəm…

Uşaq ikən - Qarabağ işğal olunmamışdan öncə - atamın ara-sıra bizi gətirdiyi Xankəndi ilə bügünkü Xankəndi arasında nə fərq var? O Xankəndidən nə gedib, nə qalıb? Adı qayıdıb, bu möhtəşəmdir! O zaman şəhəri öz adı ilə çağıra bilməzdin, Xanın Kəndini “Stepanakert”ə çevirmişdilər.

Uşaq idim. Nə siyasətdən anlayışım vardı, nə də tarixin mürəkkəb qatlarından. Amma uşaqların qəribə bir duyumu olur. Ağlın izah edə bilmədiyini ürək hiss edir. Mən də hiss edirdim: o vaxtkı şəhər yadlıq və soyuqluq saçırdı, adamın içinə üşütmə dolurdu. Və… qəribə bir qoxusu vardı o Xankəndinin. İtələyici. Hürküdücü. Ağır. Heç sevməzdim o qoxunu. Ürpənərdim…

Sonra Qarabağ işğal olundu. Xankəndi qeyb oldu. İllərlə ondan uzaq qaldıq. İllər onilliklərə çevrildi…

İndi yenidən Xankəndidəyəm… Dərindən nəfəs alıram. Doymaq bilmədən havasını canıma çəkirəm. Ciyərlərimə doldururam. Şükürlər olsun Allaha! Daha o qoxu yoxdur. O soyuqluq, yadlıq yoxdur. Arınıb mənim gözəl şəhərim. Paklanıb. Təmizlənib. “Yağış yuyub, gün qurudub”… Xankəndi öz ruhuna qayıdıb. Öz adına. Öz yaddaşına. Öz taleyinə. Öz adamlarına…

Buna çox inanıram: şəhərlərin də ruhu var. Adamlar kimi… Şəhərlər də sevə bilirlər, nifrət edə bilirlər, dostu-düşməni tanıyırlar, doğmanı-yadı ayırd edirlər. Bu Xankəndi xoşbəxt idi, məst idi, əminəm ki, bu səkilərdə, parklarda, küçələrdə dəstə-dəstə o baş-bu başa addımlayan adamları tanıyırdı, dost, doğma, simsar olduqlarını görürdü və parlayırdı.

Futbol oynayan uşaqlar, parkdakı pianinoda ifa edən soydaş, onu dinləyənlər, skamyalarda əyləşib söhbətləşənlər, cığırlarla gəzinənlər, sükuta dalanlar… möhtəşəm bir qələbəlik yaradıb Xankəndidə. Adam əlindən tərpənmək olmur. Doludur Xankəndi. Dopdolu! Sanki bütün Azərbaycan buradadır.

Adamlar, Azərbaycanlılar, Doğmalar Xankəndi ilə qucaqlaşmağa, sarmaş-dolaş olmağa, birləşməyə, bütövləşməyə gəliblər…

Mənzərə o qədər möhtəşəmdir ki. Xankəndidə olduğu üçün möhtəşəmdir. Başqa yerdə, başqa ünvanda adi görünəcək hər bir şey burada möcüzədir, gözəllikdir, ehtişamdır...

Sanki hamı bura illərin həsrətini bitirməyə gəlib. Nisgili ovutmağa. Ayrılığın acığını çıxmağa. Adamlar Xankəndini görməyə yox, Xankəndiyə qovuşmağa gəliblər. Sanki şəhər çağırış edib ki, gəlin, bu Ləyaqət, Qürur və Şərəf ünvanına. Biz də yığışıb gəlmişik.

Üzlərə baxıram. Heç birini tanımıram. Amma hamısı mənə doğma görünür. Çünki bizi burada bir-birimizə bağlayan görünməz bir tel var: Qayıdış. Azərbaycanın bu gününün fəlsəfəsidir bu: Vətənə qayıtmaq.

İşğal dönəmində bir əhdim vardı. Deyirdim ki, torpaqlarımız azad olunandan sonra Xankəndiyə köçəcəyəm. Bir müddət burada yaşayacağam. Çünki Xankəndi 30 il öncə yox, daha əvvəldən, daha erkəndən işğal altındaydı və bizim Xankəndi özləmimizin yaşı işğalın rəsmi yaşından daha çoxdur. Bu özləmə son qoymağın yolu Xankəndidə yaşamaqdır. Bu, ruhi ehtiyacdır: bu şəhəri yaşamaq, duymaq, hiss etmək… Burada bərkimək, birləşmək, bütövləşmək…

İndi görürəm ki, bu, yalnız mənim arzum, ehtiyacım deyilmiş. Hər birimizin Xankəndiyə ehtiyacı var. Heç olmasa bir dəfə gəlib küçələrindən keçməyə, yalın ayaqlarla torpağına toxunmağa, havasını ciyərlərimizə çəkməyə, burada dalğalanan Azərbaycan bayrağına baxmağa. Bir ağacın altında dayanmağa, bir fincan çay. bir ovuc su içməyə. İnsanları görməyə, uşaqların səsinə qulaq asmağa. Sadəcə, dayanıb şəhəri seyr etməyə, Xankəndini dinləməyə, susmağa, düşünməyə… Nə qədər ehtiyacımız var…

Adı necə gözəldir! Necə şövqlüdür söyləmək, səsləmək, çağırmaq, çığırmaq: Xan-kən-di! Hər hecası yerindədir. Xanın Kəndi… Sözlərin gözəlliyinə baxın. Nə qədər tarix var bu iki kəlmədə. Nə qədər əsalət var. Nə qədər doğmalıq var. Və bir də sonsuz sevgi var…

Mehdiqulu xan Cavanşir bir vaxtlar sevdiyi qadına, zövcəsinə hədiyyə edib Xankəndini. Sevdiyinə Şəhər hədiyyə verib…

Təsəvvür edə bilirsinizmi? Bir insan sevdiyinə nə hədiyyə edə bilər? Bir Şəhər? Xanın hədiyyəsi necə olmalıydı ki?!. Dağların qoynunda, yaşıllıqlar içində, səması sonsuzluğa açılan bir möcüzə şəhər - Xanın Kəndi. Sevginin Şəhər boyda hədiyyəsi.

Və mən indi onun küçələrində gəzişərkən düşünürəm:

Xanın Kəndini buraxmaq olardımı yadların ümidinə? Sevgi şəhərini yad qoxularda boğmaq olardımı? Sevgi hədiyyəsini özgələşdirmək olardımı? Adını dəyişmək olardımı? Tarixini unutdurmaq olardımı?

Olmazdı. Olmamalıydı. Və olmadı! Gec oldu. Ağrılı oldu. Çox ağrılı oldu. Böyük bədəllər ödədik, üç mindən çox Şəhid verdik, öldük-dirildik. Amma Xanın Kəndi qayıtdı. Daha doğrusu, biz Ona qayıtdıq.

Şəhər öz adına qayıtdı - Öz bayrağına, Öz dövlətinə. Öz dilinə, Öz insanına, Öz nəfəsinə, Öz qoxusuna…

Tarixi ədalət deyilən şey elə budur: bir vaxt sevgi ilə hədiyyə edilmiş şəhərin illər sonra yenidən öz doğmalarına, varislərinə qovuşması…

Ona görə Xankəndi mənim üçün təkcə Zəfər şəhəri deyil. Xankəndi Sevgi şəhəridir. Bir zaman bir Xanın sevgisinin simgəsi, bu günsə bir xalqın sevgisinə qovuşmuş Şəhər. Əfsanə Şəhər…

Xankəndiyə gedəndə Bayrağımıza baxın. O Bayraqda şəhidlər var, qazilər var, övlad gözləyən analar var, yarımçıq qalmış həyatlar, arzular, nakam sevgilər var. Bu torpağa qayıtmaq həsrəti ilə dünyadan köçənlər var. Nə qədər yaralı, sınıq ürək var. Hərənin bir hekayəsi var o dalğalanan üçrəngli gözəllikdə…

Zəfərin, bizim zəfərin ən sadə və ən böyük izahı elə budur. Zəfər yalnız hərbi-siyasi termin deyil.

Zəfər - Xankəndinin küçələrində Azərbaycan dilində danışan uşaqların səs-küyüdür.

Zəfər - burada çalışan, sevgi şəhərini tikən, quran fəhlələrin alın təridir.

Zəfər - universitetə, dərsə tələsən tələbələrin əndişəsidir.

Zəfər – hər şeydir, dirilişdir, dirilikdir, öz küllərindən yenidən doğulmaqdır, insan olmaq, el olmaq, oba olmaqdı…

Bəlkə buna görə Zəfər Abidəsi burada daha möhtəşəm görünür mənə. Daha nəhəng, daha əzəmətli, daha ülvi. Çünki Xankəndidə Zəfər sözü abstrakt anlayış deyil. Burada Zəfər canlıdır. Küçələrdə gəzir. Bayraqlarda dalğalanır. İnsanların üzündə görünür. Uşaqların səsində eşidilir…

Və bu mənzərəni müşahidə edə-edə Prezident İlham Əliyevi xatırlayıram; onun bütün dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandır” nidasını! Bir zamanlar bu cümlə siyasi iradənin ifadəsi idi. Sonra milli mübarizənin şüarına çevrildi. Bu gün isə… Biz Xankəndidə həmin o cümlənin, o nidanın içində gəzirik.

Tarix elə budur: bir cümlənin gözümüzün önündə, 44 günün içində gerçəyə çevrilməsi, şəhərə, küçəyə, bayrağa, insana, həyata dönüşməsidir. Bir dövlət başçısının ən böyük siyasi uğuru - verdiyi sözə tarixi imza atmasıdır.

Yəqin ona görə bu şəhərə gəlib çatanda “gəldim” demirsən. “Qayıtdım” deyirsən. Çünki Xankəndiyə gəlmirlər. Xankəndiyə qayıdırlar.

Mənə elə gəlir, səma Xankəndidə daha mavidir. Günəş daha parlaqdır. Ağaclar daha yaşıldır. Külək daha yüngüldür…

Bəlkə də otuz ilin həsrətindən sonra insan doğma torpağa tamaşa edəndə dünyanın rənglərini başqa cür görür.

Mən isə yenə köksümdəki o kəpənəklərin qeyri-adi titrəşimini hiss edirəm. Uçuşurlar… Qanad çalırlar… Qəlbimin ən incə tellərinə toxunurlar.

Qoy uçuşsunlar. Onları sakitləşdirmək istəmirəm. Qoy, məni bəxtəvər edən bu hiss, bu ovqat bitməsin. Qoy, Xankəndinin səsi, havası, qoxusu yaddaşıma hopsun. Səmasının mavisi gözlərimdən getməsin. Çünki mən Xankəndidə özümün bir parçamı tapdım. Uşaqlıqda yadlıq hiss etdiyim şəhərin küçələrində bu gün doğmalığın nə olduğunu anladım. Bir vaxtlar qoxusundan ürpəndiyim şəhərin havasını bu gün ciyərlərimə doyunca çəkdim.

Çünki bu qoxunun adını artıq bilirəm. Azadlığın qoxusudur. Qayıdışın qoxusudur. Doğmalığın qoxusudur. Vətənin qoxusudur.

Xankəndi nəhənglikdir. Tarixin nəhəngliyi, Zəfərin nəhəngliyi, Qayıdışın nəhəngliyi. Sevginin nəhəngliyi, mənim üçün həm də Hissin nəhəngliyidir.

İndi kimsə məndən yenidən soruşsa ki, “Xankəndidə olmaq necə bir hissdir”, yenə də anlada bilməyəcəyəm…

Amma… Əlimi ürəyimin üstünə qoyacağam. Köksümdə qanad çalan o kəpənəkləri dinləyəcəyəm. Və deyəcəyəm:

Xankəndidən danışmaq olmur…

Xankəndini yaşamaq lazımdır…

Xəbər lenti