ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinin tez bir zamanda dayandırılmasına yönəlik çağırışları və “sülh planı” ətrafında səsləndirdiyi mesajlar təsadüfi deyil. Bu tələskənliyin arxasında dayanan əsas səbəb geosiyasi xəritədə formalaşmaqda olan yeni dünya düzəni və bu düzənin əsasını təşkil edən yeni texnologiyalar, xüsusilə də Süni İntellekt (Sİ) uğrunda qlobal mübarizədir.
Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
O, qeyd edib ki, müasir mərhələdə artıq hərbi güc və klassik iqtisadi təsir rıçaqları təkbaşına həlledici amil sayılmır. Dünyaya kimlərin liderlik edəcəyini Süni İntellekt, yarımkeçiricilər, yüksək texnologiyalar, enerji və data üzərində nəzarət müəyyənləşdirir. Bu reallıqda isə iki əsas güc mərkəzi ön plana çıxır: Vaşinqton və Pekin:
"ABŞ texnologiya və Süni İntellekt sahəsində hələ də aparıcı mövqedədir. Lakin Çin son illər bu sahədə sürətli və sistemli irəliləyiş nümayiş etdirərək Ağ Ev üçün real strateji rəqibə çevrilib. Hətta bəzi istiqamətlərdə Pekin ABŞ-ı qabaqlamağa nail olub. Məhz bu fakt Vaşinqtonda ciddi narahatlıq doğurur.
Artıq təxminən 20 ilə yaxındır ki, ABŞ–Çin rəqabəti gizli və dolayı xarakter daşıyırdı. Bu gün isə mübarizə açıq fazaya keçib. Ticarət müharibələri, texnoloji sanksiyalar, çip sənayesi uğrunda savaş və geosiyasi qarşıdurmalar bu prosesin tərkib hissəsidir.
Nəsimi