Dünya 15-12-2025, 10:08

"Ukrayna-yeni dünya düzəninin alver predmetinə çevrilib"

"Ukrayna-yeni dünya düzəninin alver predmetinə çevrilib"
Rusiya–Ukrayna müharibəsi ABŞ üçün əlavə yük və strateji maneə rolunu oynayır. Müharibə Vaşinqtonun resurslarını yayındırır, diqqəti əsas hədəfdən – Çinin qabağının alınmasından uzaqlaşdırır. Eyni zamanda Avropada təhlükəsizlik böhranını dərinləşdirərək ABŞ-ın qlobal manevr imkanlarını məhdudlaşdırır.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, Pekin isə bu vəziyyəti çox yaxşı anlayır. Çin üçün Rusiya–Ukrayna müharibəsinin uzanması ABŞ-ın diqqətini və gücünü parçalamaq baxımından əlverişlidir. Məhz bu səbəbdən Pekin Moskvanın müharibə bataqlığında daha uzun müddət qalmasında maraqlıdır. Bu, Çinə yeni texnologiyalar və Süni İntellekt sahəsində mövqelərini möhkəmləndirmək və bu üstünlüyü geri dönməz mərhələyə çatdırmaq imkanı yaradır:

"Mövcud mərhələdə həm Vaşinqton, həm də Pekin Rusiyadan vasitə kimi istifadə etməyə çalışır. ABŞ Moskvanı müəyyən formada özünə yaxınlaşdıraraq Çini zəiflətmək niyyətindədir. Çin isə əksinə, Rusiyanı Qərblə qarşıdurmada saxlayaraq onu öz geosiyasi orbitində möhkəmləndirməyə çalışır.

Başqa sözlə, dünya ağalığı uğrunda Vaşinqtonla Pekin arasında Rusiya faktoru üzərindən amansız mübarizə gedir. Bu mübarizədə Moskva bəzən tərəf, bəzən isə alət rolunda çıxış edir.

Bu reallıqda Ukrayna artıq təkcə müharibə aparan dövlət deyil. O, yeni dünya düzəninin formalaşması prosesində böyük güclər üçün alver predmetinə çevrilib. Vaşinqton, Pekin, Moskva və Brüssel hər biri Ukrayna böhranından öz maraqları üçün istifadə etməyə çalışır.

Məhz bu səbəbdən Trampın Kiyevə yönəlik təzyiqlərinin kökündə humanitar yox, strateji və texnoloji prioritetlər dayanır. Onun sülh planına bu prizmadan baxdıqda bir çox məqamlar aydınlaşır: məqsəd Ukraynaya sülh gətirməkdən daha çox, ABŞ-ın Çinlə böyük qarşıdurmada əlini azad etməkdir.

Beləliklə, Trampın Ukrayna ilə sülhə tələsməsi şəxsi siyasi ambisiyalardan və ya seçki ritorikasından daha dərin səbəblərlə bağlıdır. Bu, yeni texnologiyalar və Süni İntellekt əsasında formalaşan yeni dünya düzənində ABŞ-ın liderliyini qorumaq uğrunda mübarizənin tərkib hissəsidir. Ukrayna müharibəsi isə bu böyük oyunda yalnız bir cəbhə, bir vasitədir.

Nəsimi

Xəbər lenti