“Yaxın vaxtlarda dörd ilini tamamlayacaq Rusiya - Ukrayna müharibəsi hələ də öz mürəkkəbliyini və mənfi təsirlərini göstərməkdədir. Birləşmiş Ştatların prezidenti Donald Trampın müharibəni sonlandırmaq istiqamətində təşəbbüslərinə baxmayraq tərəflər hələ də ortaq məxrəcə gələ bilmirlər və keçən hər gün dağıntılar, eyni zamanda çox sayda insan itkiləri ilə müşahidə olunur”.
Bunları
Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, müharibə müddətində Rusiya ordusu müxtəlif hərbi strategiyalar, taktikalar tətbiq etsə də, dəyişməyən bir xətt var:
“Onlar hər il qış fəslinin ən kəskin zamanında məhz Ukraynanın enerji infrastrukturuna zərbələr endirirlər. Bu isə mülki əhalidə panika və ruh düşkünlüyü yaratmaq məqsədilə edilir. İlk başlarda Ukrayna ordusu bu tip hücumların qarşısını ala bilirdisə, hazırda ciddi çətinliklər çəkdikləri aşkardır. Buna səbəb böyük ölçüdə HHM sistemlərinin çatışmazlığıdır”.
Pərviz Mirizadə qeyd edib ki, paralel olaraq Ukrayna tərəfi də Rusiyanın enerji infrastrukturuna, xüsusilə, neft ayırma müəssəsələrinə zərbələr endirir:
“Bu da öz növbəsində Kremlin iqtisadi potensialını zəiflətmək məqsədi daşıyır”.
Anar