Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın onun siyasi və kadr qərarlarına təsir imkanlarının olduğu iddia edilir.
Bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, birinci xanım siyasi oyunlara birbaşa müdaxilə etməsə də, Zelenskinin bəyənmədiyi kadr qərarlarının qarşısını almaq imkanına malikdir. Belə ki, Zelenskaya bəyəndiyi məmurlara dəstək göstərərək onların karyera yüksəlişinə də təsir edə bilər.
Nəşrin həmsöhbətlərindən biri Yelena Zelenskayanın əsas təsir imkanının hansısa təşəbbüsü irəli aparmaqdan daha çox, müəyyən şəxsin və ya ideyanın qarşısını almaq olduğunu qeyd edib:
“Birinci xanımın hansısa təşəbbüsü həyata keçirə biləcəyini bilmirəm, amma hansısa şəxsi və ya ideyanı bloklaya bilər. Demək olar ki, onun “qızıl veto hüququ” var”.
Digər mənbə isə Zelenskayanın rolunu daha fərqli xarakterizə edib. Onun sözlərinə görə, Zelenskaya müxtəlif “intriqalara” və qeyri-rəsmi sövdələşmələrə qoşulmur, lakin həyat yoldaşını müəyyən mənada “balanslaşdırır”.