Rusiya Şimal Donanmasının müasir “Admiral Kasatonov” freqatını Baltik dənizinə göndərib.
Bu barədə "Bild" məlumat yayıb.
Nəşr yazıb ki, 2020-ci ildə istifadəyə verilən gəmi “Admiral Qorşkov” sinfinə daxildir və Rusiya məlumatlarına əsasən, “Kalibr” və “Sirkon” qanadlı raketlərini daşıya bilir.
“Admiral Kasatonov”un bölgəyə gəlişi Rusiyanın “Admiral Levçenko” sualtı qayıqlara qarşı esminesini Baltik dənizinə göndərməsindən bir neçə həftə sonraya təsadüf edib.
Gəmilərin bölgəyə göndərilməsinin səbəbi ilə bağlı Moskva hələlik rəsmi açıqlama verməyib. Bu addımın Vladimir Putinin Avropaya yönəltdiyi son təhdidlər fonunda baş verməsi diqqət çəkib.