Dünya 2-02-2026, 07:48

Millət vəkilləri Nuakşot şəhərinə yola düşüblər

Millət vəkilləri Nuakşot şəhərinə yola düşüblər

Millət vəkillərimiz İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 55-ci iclasında ölkəmizi təmsil etmək üçün Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərinə yola düşüblər.

Planetinfo.az xəbər verir ki, tədbir çərçivəsində təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, idarə heyətinə yeni rəhbər şəxslərin seçilməsi, eləcə də gələcək fəaliyyət istiqamətləri, qarşıda duran hədəflər və İslam dünyasında parlament diplomatiyasının rolu müzakirə olunacaq.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq əlaqələri uzun illərdir qarşılıqlı etimad, hörmət və ortaq dəyərlər üzərində qurulub. Azərbaycan bu gün İslam həmrəyliyinin, multikultural dəyərlərin və dinlərarası dialoqun təşviqində nümunəvi ölkə kimi tanınır. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmiz İƏT məkanında humanist, ədalətli və tolerant dövlət modeli kimi qəbul edilir.

Azərbaycan hər zaman İslam dünyasında sülhün, sabitliyin və birliyin möhkəmləndirilməsinə, müsəlman ölkələri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına töhfə verib. İƏT çərçivəsində keçirilən tədbirlər, qəbul edilən qərarlar və həyata keçirilən təşəbbüslər beynəlxalq aləmdə müsəlman dövlətlərinin mövqeyinin güclənməsinə xidmət edir.

İslam həmrəyliyi, milli maraqlarımız və beynəlxalq ədalət prinsipləri əsasında Azərbaycan hər zaman fəal, prinsipial və etibarlı tərəfdaş mövqeyini qoruyacaq.

Nəsimi

Xəbər lenti