Gündəm 2-06-2026, 17:30

Azərbaycanın Milli Qəhrəmanı Sergey Senyuşkinin ailəsi ilə görüş keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Sergey Senyuşkinin ailəsi ilə görüş keçirilib

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin ofisində Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Sergey Senyuşkinin həyat yoldaşı Marina Senyuşkina ilə görüş keçirilib.
Planetinfo.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elxan Uluxanlı, “Samara Azərbaycanlıları Assambleyası” İctimai Təşkilatının sədri Elmar Rəsulov və təşkilatın nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş Milli Qəhrəman Sergey Senyuşkinin şərəfli döyüş yolu, göstərdiyi igidlik nümunələri və Vətən qarşısındakı xidmətləri bir daha yad edilib. Bildirilib ki, Azərbaycan xalqı öz qəhrəmanlarının xatirəsini daim uca tutur, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir.
Elxan Uluxanlı çıxışında qeyd edib ki, Milli Qəhrəmanların həyat və fəaliyyətinin təbliği, onların xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir. O vurğulayıb ki, Sergey Senyuşkin Azərbaycanın müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda göstərdiyi fədakarlıqla xalqımızın yaddaşında əbədi yaşayacaq.
Görüş zamanı Elmar Rəsulov da çıxış edərək, xaricdə yaşayan azərbaycanlıların Milli Qəhrəmanların xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən layihələrə daim dəstək verdiklərini bildirib. O, Sergey Senyuşkin kimi qəhrəmanların həyat yolunun gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.
Marina Senyuşkina göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, həyat yoldaşının xatirəsinin unudulmamasından məmnunluğunu ifadə edib. Görüş zamanı Sergey Senyuşkinin həyat və döyüş yolu ilə bağlı xatirələr bölüşülüb, onun qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Səmimi şəraitdə keçən görüş xatirə şəkillərinin çəkilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb.


Xəbər lenti