Gündəm Bugün, 17:25

Qonaq da az, gəlir də - Azərbaycanda hotellər niyə boş qalıb?



Azərbaycanda bu ilin ilk yarısında hotel və mehmanxana tipli obyektlərdə həm gecələmələrin sayında, həm də gəlirlərdə azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər turizm sektorunda müşahidə olunan dinamikanı yenidən müzakirəyə çevirib. Turizmçilər hesab edirlər ki, bu göstəricilər təkcə turist sayındakı dəyişikliklə deyil, həm də bazardakı ümumi tendensiyalarla əlaqəli ola bilər.

Hotel sektorundakı azalmanın əsas səbəblərini öyrənərkən beynəlxalq turizm bazarındakı proseslərlə yanaşı, daxili turizmə təsir edən amillərin də mənzərədə rol oynadığını öyrəndik.

10,3 faiz azalma

Dövlət Turizm Agentliyi sorğumuza verdiyi cavabda azalmanı ilk növbədə, xarici turist axınındakı geriləmə ilə əlaqələndirir: “2025-ci ilin müvafiq dövründə 1 217 373 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə səfər etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 1 092 568 nəfər olub ki, bu da 10,3 faiz azalma deməkdir. Eyni zamanda, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz azalıb. Eyni zamanda, ölkə vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz azalıb”. Agentlikdən bildirilir ki, ümumiyyətlə, son 6 ay ərzində regionda baş verən geosiyasi hadisələr, bununla əlaqədar olaraq uçuş istiqamətlərində baş verən dəyişikliklər və artan səyahət xərcləri ölkəmizə səfərlərə münasibətdə ayrı-ayrı mənbə bazarlarına təsir göstərib: “Azalma əsasən Cənubi Asiya və Körfəz ölkələri bazarlarında cəmləşib ki, bu da bilavasitə regional geosiyasi proseslər və səyahət axınlarında baş verən dəyişikliklərlə bağlıdır”.

Bununla yanaşı, bir sıra prioritet bazarlarda davamlı artım qeydə alınıb. 2026-cı ilin yanvar-iyun aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə Mərkəzi Asiya regionundan gələn ziyarətçilərin sayı 19% (o cümlədən Özbəkistandan 50%, Qazaxıstandan 11%), Türkiyədən 7%, Qərbi Avropadan 8% (o cümlədən Almaniyadan 23%), İsraildən gələn ziyarətçilərin sayı isə 20% artıb. Mənbə bazarlardan Rusiya və vizasız rejimin tətbiq olunduğu Çin bazarı da regional çətinliklərə baxmayaraq sabitliyini qoruyub. Bu göstəricilər bazar diversifikasiyası strategiyasının real nəticəsi olaraq xarici amillərin ümumi axına təsirini əhəmiyyətli dərəcədə yumşaldıb”. DTA-nın açıqlamasında qeyd olunub ki, həmçinin turizmin inkişafının dəstəklənməsi üçün müvafiq prioritet və tədbirləri əhatə edən “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı” da hazırlanıb: “Proqram hazırda təsdiq mərhələsindədir.

Qeyd olunan Dövlət Proqramı çərçivəsində ölkəyə turist axınını stimullaşdırmaq üçün hava məkanından istifadənin liberallaşdırılması və hava əlaqələrinin genişlənməsinin təşviq olunması, gəlmə turizm məqsədilə vizasız rejimin tətbiqinin genişləndirilməsi, turizm sahəsində mikro və kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi, hədəf turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının genişləndirilməsi və s. kimi çoxistiqamətli tədbirlər nəzərdə tutulur”.




Region hotellərində doluluq səviyyəsinə gəlincə, DTA-dan bildirilir ki, regionlar üzrə bəzi istiqamətlərdə doluluq səviyyəsində artım müşahidə edilib. Belə ki, Naftalan və Lənkəranda artım, Şabran və Şamaxıda isə azalma müşahidə olunub.
Qurum hesab edir ki, qonaqlama sektorunda gecələmə sayının artırılması üçün hazırda təsdiqlənmə mərhələsində olan “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” layihəsində qonaqlama sektorunun inkişafı, turist tələbinin artırılması, turistlərin ölkədə qalma müddətinin uzadılması və nəticə etibarilə mehmanxanalarda gecələmə sayının artırılması istiqamətində bir sıra tədbirlər nəzərdə tutulur: “Bu tədbirlərə yüksək gəlirli və xüsusi maraq qruplarına yönəlmiş yeni turizm məhsullarının hazırlanması və mövcud məhsulların inkişaf etdirilməsi, MICE, sağlamlıq və kurort turizmi kimi yüksək əlavə dəyər yaradan turizm növlərinin inkişafı, xidmət keyfiyyətinin və turist məmnuniyyətinin artırılması, beynəlxalq hava əlaqələrinin genişləndirilməsi, eləcə də viza və nəqliyyat siyasətlərinin təkmilləşdirilməsi daxildir”.

Azərbaycan Hotellər Assosiasiyasının (AHA) İdarə Heyətinin sədri Eldar Əlimuradov açıqlanan rəqəmlərin real olduğunu təsdiqlədi: “Biz icra orqanıyıq. Qonaq olanda xidmət göstəririk. Əlbəttə, azalmanı müşahidə edirik. Komitənin açıqladığı rəqəmlər də realdır”.

Region ölkələrinə uduzuruq

Turizmçi Ceyhun Aşurov bildirir ki, ölkəmizə gələn turistlərin sayında 6 faiz, gecələmələrin sayında 8.3 faiz azalmanın qeydə alınması həm də hotel gəlirlərinə müvafiq olaraq öz təsirini göstərir: “Əlbəttə, biz azalmanın xarici amillərlə bağlı olduğunu bilirik. Bu, daha çox ölkə xaricindən gələnlərin sayında müşahidə olunur. Xüsusən cənub regionunda baş verən qeyri-stabillik, hava məkanının bağlı olması kimi amillər Körfəz ölkələrindən gələn turistlərin sayının da azalmasına təsir etmiş oldu”. Turizmçinin sözlərinə görə, region hotellərində doluluq səviyyəsi daxili bazar hesabına müəyyən qədər aktiv olsa da, ümumilikdə ölkəyə gələn turistlərin sayının rəsmi olaraq azalması hotellərdə doluluq səviyyəsinə təsir edib: “Xüsusən Bakı şəhərində yerləşən hotellərdə doluluq səviyyəsi 30 faizə qədər aşağı düşüb. Biz hazırda turizm mövsümümün pik nöqtəsindəyik. Amma əvvəlki illərlə müqayisədə böyük hərəkətlilik müşahidə etmirik”.

Ekspert hesab edir ki, gecələmə sayının artırılması üçün ölkəyə daha çox turist axınının artmasına nail olmalıyıq: “Düşünürəm ki, region ölkələri ilə müqayisədə bizim ölkəmizdə hotellərin və ictimai-iaşə müəssisələrinin qiymətləri kifayət qədər rəqabətlidir. Sadəcə, biz regiondakı ölkələrə nəqliyyat xərclərində uduzuruq. Xaricdən Azərbaycana gəlməyin baha olması və turizm paketində 40 faizə qədər xərcləri əhatələməsi ölkəyə gələn turist axınını zəiflədir. Biz bu istiqamətdə elə də rəqabətli davrana bilmirik. Bunun üçün bizim Bakıdan əlavə, regionlardakı hava limanlarımız daha səmərəli işləməlidir. Azərbaycan xarici turistlər üçün daha əlçatan və maraqlı olmalıdır. Təbii ki, ölkəmiz turizm destinasiyası kimi kifayət qədər tanınır və maraq kəsb edir. Amma ölkəyə gəlmə imkanları məhdud olduğuna görə region ölkələrinə uduzuruq. Bu da nəticədə turist axınını azaltmış olur. Xüsusən nəzərə alaq ki, baş verən hadisələr bizim ənənəvi turist seqmentimizdən turistlərin sayını azaldıb. Yeni turizm seqmentlərindən Azərbaycana gəlməni artırmaq üçün ilk növbədə birbaşa uçuşların sayı artmalı, vizaların sadələşdirilməsi və ləğvi prosesi davamlı olmalıdır. Hərçənd viza ilə bağlı proseslər gedir. Ölkə istiqamətində uçuşların daha səmərəli olmasına çalışmalıyıq. Hansısa formada nəqliyyat xərclərinin azaldılmasını düşünməliyik”.




Turizm destinasiyalarının tanıdılmasında zəiflik

Turizm üzrə mütəxəssis, “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusupov hesab edir ki, gecələmə sayında azalmanın səbəbi əcnəbi turistlərin sayında azalma ilə birbaşa əlaqəlidir: “Əcnəbi turistlər ölkəmizə gəldikdə əksər hallarda yerləşmə obyektlərinin xidmətlərindən istifadə edirlər. Turistlərə təqdim olunan xidmət çeşidinin məhdud olması gecələmələrin sayına da təsir göstərir”. Turizm mütəxəssisi həmçinin azalmanı quru sərhədlərinin bağlı olması və təyyarəyə bilet qiymətlərinin yüksək olması, turoperatorların əksərən fərdi işləməsi, xarici turoperatorlarla əlaqələrin zəifliyi, ölkənin turizm destinasiyalarının tanıdılmasında çatışmazlıqlarla əlaqələndirir: “Dövlət Turizm Agentliyi bu işlərə yalnız öz əməkdaşlarını deyil, müxtəlif turizm növlərində işləyən turoperatorları, QHT-ləri cəlb etməlidir”. Q.Yusupov hesab edir ki, əyalətlərdə də turistlərin gəlişinə hazır olmaq lazımdır: turoperatorlar yerli sakinlərlə əvvəlcədən razılaşaraq musiqili bayram, kulinariya bayramı, yerli miqyaslı tanınmış sənətkarlarla görüşlərin keçirilməsini planlaşdırmalıdır”.

Hotellərdə turistlərin qeydiyyatı aparılmır?

Q.Yusupovun fikrincə, hotellərin gəlirlərinin azalması həftəiçi turist səfərlərinin az olması ilə bağlıdır: “Həftəiçi günlərdə hotellərimizdə boş yerlərin sayı çox olur. Həftəsonu isə hotel rəhbərliyi qiymətləri maksimal dərəcədə qaldıraraq əvvəlki günlərin əvəzini çıxmaq istəyir. Bu da tur qiymətlərinin kəskin qalxmasına səbəb olur. Bu səbəbdən əyalətlərdə qonaq evlərinin xidmətlərindən istifadə edilməsinə üstünlük verilməlidir. Gəlirlərin azalmasının digər bir səbəbi hotellərdə turistlərin qeydiyyatının aparılmaması ola bilər”.

Turizm mütəxəssisi hesab edir ki, gecələmə sayını artırmaq üçün hotellər də özlərini tanıtmalıdırlar: “Bunun üçün bir sıra imkanlar var. Həftəiçi turistlərin cəlb edilməsi üçün qiymətlərdə endirim kampaniyasının keçirilməsi lazımdır. Daha uzun müddət qalanlara əlavə pulsuz xidmətlər təqdim edilməlidir. Ekskursiya, transfer, tərcüməçi, yerli kulinariya ilə tanışlıq və sair xidmətlərin göstərilməsi həyata keçirilməlidir. Bir neçə gün ərzində yerli ərzaqla yerli kulinariya kampaniyasının keçirilməsi effektli olar. Bu kampaniyada yerli hotellər və qidalanma obyektləri ilə yanaşı yerli milli parklar, qoruqlar, muzeylər, idman kompleksləri, digər maraqlı təşkilatlar iştirak etməlidir”. ("Kaspi" qəzeti)

Xəbər lenti