Gündəm 2-06-2026, 20:30

23 il davam edən boşanma prosesi başa çatdı



Böyük Britaniyada 23 il sürən boşanma davası nəhayət yekunlaşıb.
Bu barədə "The Times" nəşri məlumat yayıb.

Hər şey 2002-ci ilin mayında Varşa Qohilin əri Bhadreş Qohildən boşanmaq üçün məhkəməyə müraciət etməsi ilə başlayıb. O, ərini xəyanətdə və qeyri-etik davranışda ittiham edib. 2004-cü ildə məhkəmə qadına 270 min funt-sterlinq təzminat və ailə avtomobili verilməsi barədə qərar çıxarıb. Lakin sonradan məlum olub ki, ər dünyanın müxtəlif yerlərindəki hüquqi şəxslərin hesablarında külli miqdarda vəsait gizlədib.

"The Times" qeyd edir ki, 2011-ci ildə Bhadreş Qohil çirkli pulların yuyulması və saxtakarlıq ittihamı ilə 10 il müddətinə həbs edilib. Kral Prokurorluğu onun dünya üzrə yayılmış 28 milyon funt-sterlinq dəyərində aktivlərini bloklayıb. Məhkəmənin yekun qərarına görə, prokurorluq bu vəsaitlərin hamısının cinayət yolu ilə əldə edildiyini sübut edə bilməyib. Belə ki, vəsaitin bir hissəsinin nikah dövründəki sahibkarlıq fəaliyyətindən qazanılan qanuni gəlir olduğu müəyyən edilib.

Nəticədə məhkəmə Varşa Qohilə keçmiş ərinin "təmiz" aktivlərindən əlavə olaraq 6,6 milyon funt-sterlinq ödənilməsi barədə hökm çıxarıb.

Xəbər lenti