Gündəm Bugün, 10:26

“Ana dilimizin təbliği hər bir azərbaycanlı üçün əvvəlcə öz ailəsindən və övladlarından başlamalıdır”

“Ana dilimizin təbliği hər bir azərbaycanlı üçün əvvəlcə öz ailəsindən və övladlarından başlamalıdır”

Könül Hacızadə: “Azərbaycan dilini və Azərbaycan mədəniyyətini, adət-ənənəsini öyrənməyə can atan bir çox küveytli var”

Ana dili bir xalqın kimliyinin, mədəniyyətinin və tarixi irsinin ən qiymətli daşıyıcısıdır. Xaricdə yaşayan azərbaycanlılar üçün bu dəyəri qorumaq və gələcək nəsillərə çatdırmaq həm fərdi, həm də kollektiv məsuliyyətdir. Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə də məhz bu missiyanı uğurla həyata keçirən soydaşlarımızdanıdr. O, illərdir Küveytdə yaşayan azərbaycanlıların ana dilinə bağlılığını gücləndirmək, övladlarda milli kimlik hissini formalaşdırmaq və Azərbaycan mədəniyyətini tanıtmaq istiqamətində böyük işlər görür.

- Ana dilinə sevgi xaricdəki soyadşlarımızı nə dərəcədə Vətənə bağlayır?
- Bilirsiniz, hər bir azərbaycanlı dünyanın harasında yaşamasından asılı olmayaraq, öz ana dilini sevməlidir. Bəzi soydaşlarımız bir yerə yığılanda öz aralarında rus, ingilis və s. dillərdə söhbət edirlər. Mənim çox dil bilməyə etirazım yoxdur. Yalnız əgər iki soydaş bir yerə toplanırsa, öz ana dilində danışmağı münasib görürəm. Bir çox azərbaycanlılarımız da var ki, Azərbaycan dilini öz ətrafındakı küveytli yerli camaata sevdirir. Onların da içində olan bir çox yerli camaat da var ki, bizim dili böyük maraqla və sevgi ilə qarşılayırlar.

- Xaricdə yaşamağa başladığınız ilk illərdə Azərbaycan dilini gündəlik həyatınızda qorumaq nə dərəcədə çətin oldu?
- Mən 25 ildir Küveytdə yaşayıram. Dilimi sevdirməyi elə öncə, öz ailəmdə, yəni həyat yoldaşımla danışıb ona öz dilimi öyrədərək başladım. Biz onsuz da Azərbaycan dilində söhbət edirik. 5 övladımız var, onlar da Azərbaycan dilində qüsursuz, səlist danışırlar. Hətta mənim böyük övladım Danə bu il Azərbaycan Texniki Unuversitetinin İnformasiya Təhlükəsizlik fakültəsinin İslam Əməkdaşlıq Təşkilatının təşəbbüsü ilə seçilən Qrant tələbəsi olaraq məzunu olacaq. Danə bu universitetdə məhz Azərbaycan dilində təhsil alır. Bundan əlavə, ailədə 2 kiçik baldızım var, mən onlara belə, Azərbaycan dilini öyrətmişəm. Onlar bu dildə mənimlə sevərək danışırlar.

- Xaricdə yaşayan azərbaycanlı ailələrdə uşaqların Azərbaycan dilində unutmaması üçün hansı addımlar atılmalıdır?
- Xaricdə yaşayan azərbaycanlı ailələr üçün ana dilinin qorunması çox vacib məsələlərdən biridir. Uşaqlar gündəlik həyatlarında yaşadıqları ölkənin dilində təhsil aldıqları və ünsiyyət qurduqları üçün zaman keçdikcə Azərbaycan dilindən uzaqlaşa bilərlər. Bunun qarşısını almaq üçün ilk növbədə ailə daxilində Azərbaycan dilində danışmaq ən mühüm addımdır. Valideynlər övladları ilə gündəlik söhbətlərini, ailə müzakirələrini və ünsiyyətlərini ana dilində aparmalıdırlar. Uşaq dili ilk növbədə ev mühitində öyrənir və mənimsəyir.
Bundan əlavə, uşaqlara Azərbaycan dilində kitablar oxumaq, nağıllar danışmaq, filmlər və cizgi filmləri izlətmək onların dil ehtiyatının zənginləşməsinə kömək edir. Müasir texnologiyaların imkanlarından istifadə edərək Azərbaycan dilində tədris materiallarına, elektron kitablara və maarifləndirici proqramlara çıxış yaratmaq da faydalıdır.

- Küveytdə Azərbaycan dilinə və mədəniyyətinə maraq varmı?
- Tədbirlərdə bir araya toplanırıq. Bir çoxumuzun övladları Küveytdə doğulublar. Buna baxmayaraq valideynləri öz dillərini övladlarına öyrədiblər. Bu, alqışlanacaq bir haldır. Yalnız dediyim kimi, dilimizə maraq artdığına görə Azərbaycan dilini və Azərbaycan mədəniyyətini, adət-ənənəsini öyrənməyə can atan bir çox küveytli var. Bacardığımız qədər hər birimiz ayrı-ayrılıqda Azərbaycan dilini və mədəniyyətini, adət-ənənələrimizi, tariximizi, turistik məkanlarımızı, milli mətbəxtimizi təbliğ edirik. Bunun üçün bizim dəfələrlə tədbirlərimizi olub. Tədbirlərimizə gələn qonaqlara milli mətbəxtimizin təamlarını, milli geyimlərimizi, füsunkar guşələrimizi, milli musiqilərimizi təqdim etmişik. Çox böyük məhəbbətlə sevgi ilə yanaşıblar.

- Diaspor təşkilatları ana dilinin təbliği istiqamətində hansı işləri görməlidir?
- Bir daha qeyd etmək istəyirəm ki, ana dilimizin təbliği hər bir vətənini, dilini, millətini və xalqını sevən azərbaycanlının öncə, öz ailəsindən, övladlarından başlamalıdır. Bir çox diaspor təşkilatlarımız var ki, yaşadıqları ölkələrdə Həftəsonu dərslər verirlər. Bu çox alqışalancaq işdir.
Uşaqların Azərbaycan mədəniyyəti ilə bağlılığını gücləndirmək dilin qorunmasına xidmət edir. Milli bayramların qeyd olunması, xalq musiqisinin dinlənilməsi, milli adət-ənənələrin yaşadılması və Azərbaycan tarixi haqqında məlumatların verilməsi uşaqlarda milli kimlik hissini möhkəmləndirir. Dilə sevgi də məhz bu bağlılıqdan yaranır.
Azərbaycanda yaşayan qohumlarla müntəzəm əlaqə saxlamaq, telefon və videozənglər vasitəsilə söhbət etmək də uşaqların ana dilindən istifadə etmələrinə şərait yaradır.

- Küveytdəki gənc nəslin nümayəndələri Azərbaycan dilini öyrənməyə və istifadə etməyə nə dərəcədə maraq göstərirlər?
- Mənim fikrimcə, hər birimiz xaricdə yaşayan həmvətənlərimizi öz ana dilimizi sevməyə və onu gələcək nəsillərə sevdirməyə təşviq etməliyik. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti və mənəvi dəyərlərini gələcək nəsillərə daşıyan ən qiymətli sərvətdir. Buna görə də onun yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur.
Küveytdə azərbaycanlı və küveytli qanı daşıyan gənc nəsil yetişir. Bunların içərisində mənim övladlarım da var. Bu gənclərin, uşaqların anaları azərbaycanlı olduğu üçün öz anasının dilini, əlbəttə, sevərək danışırlar və təbliğ edirlər. Uşaqlara, gənclərə dili məhz ana sevdirməlidir. Düşünürəm ki, Küveytdə yaşayan, ailə həyatı quran bir çox xanımlarımız buna nail olublar. Bu baxımdan mən hər zaman onlara öz təşəkkürümü bildirirəm.


Cavid Şahverdiyev

Müsahibə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Xəbər lenti