“Söhbət burada kənd təssərrüfatı təyinatlı torpaqlardan gedir, yaşıllıqların qorunmasından getmir. Torpaq islahatı aparılan zaman, pay torpaqları verilən zaman pay torpaqlarında ağaclar olmayıb, onlar əkinə yaralı torpaqlar olub. Əgər uzun müddət həmin torpaq əkilib-becərilməyibsə, orada yabanı bitkilər artıbsa, orada ağac böyüyübsə, insan onun kəsilməsinə cavabdeh olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bugünkü növbədənkənar sessiyasının ilk iclasında "Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklərin müzakirəsi zamanı deyib.
Komitə sədri vurğulayıb ki, bu gün dövlətin qayğısı orada bitən kol-kosun götürülməsindən ibarətdir:
"İnsan uzun müddət torpağı əkib becərməyib, kollaşdırıb, yabanılaşdırıb. Bunun günahı həmin insandadır ki, torpaq istifadəsiz qalaraq yabanılaşdırılıb. Ağacların kəsilməsinə görə, cərimələrin tətbiq olunması qanunauyğundur. Belə olmasa, insanlar bütün yaşıllıqları məhv edərlər".