Malayziya hökuməti 2014-cü ildə göyərtəsində 239 nəfərlə yoxa çıxan "MH370" sərnişin təyyarəsinin qalıqlarının axtarışını 30 iyun 2027-ci ilədək uzadıb.
Bu barədə “The Star” nəşri məlumat yayıb.
Bildirilib ki, Malayziyanın nəqliyyat naziri Entoni Lokun sözlərinə görə, axtarış işləri 1 iyuldan etibarən daha bir il davam edəcək.
Qeyd olunub ki, axtarışları aparan “Ocean Infinity” şirkətinə təyyarənin qalıqları aşkar olunacağı təqdirdə 70 milyon dollar ödəniləcək, əks halda isə heç bir ödəniş edilməyəcək.
Xatırladaq ki, “Malaysia Airlines”ə məxsus “MH370” reysi 8 mart 2014-cü ildə Kuala Lumpurdan Pekinə uçarkən radarlardan itib. Təyyarənin Hind okeanının cənubunda qəzaya uğradığı ehtimal olunsa da, indiyədək yalnız ona aid olduğu güman edilən bir neçə qalıq parçası tapılıb.