Gündəm / Dünya Bugün, 21:44

82 ildir okeanın dibində qalan 2,2 ton qızıl - Niyə çıxara bilmirlər?



İkinci Dünya Müharibəsi zamanı 2,2 ton qızıl daşıyan Yaponiyanın I-52 sualtı qayığı 1944-cü ildə Atlantik okeanında ABŞ qüvvələri tərəfindən batırılıb.

Bu barədə “Popular Mechanics” nəşri məlumat yayıb.

Bildirilib ki, 1995-ci ildə təxminən 5,2 kilometr dərinlikdə aşkarlanan qayıqda sonrakı illərdə araşdırmalar aparılsa da, xəzinəni çıxarmaq mümkün olmayıb. Hazırda dəyərinin 280 milyon dollardan çox olduğu təxmin edilən qızıl hələ də okeanın dibində qalır.

Məlumata görə, I-52 Almaniya ilə Yaponiya arasında strateji materiallar və texnologiyalar daşımaq üçün gizli missiya yerinə yetirirdi. Qayıqda qızıldan əlavə, volfram, molibden, qalay, kauçuk və digər hərbi yüklər də olub.

Mütəxəssislər hesab edirlər ki, qızıl sualtı qayığın daha çətin əlçatan hissəsində yerləşir. Qayığın 5 min metrdən artıq dərinlikdə olması xilasetmə işlərini son dərəcə çətinləşdirir. Buna görə də 82 ildir okeanın dibində qalan xəzinənin yalnız gələcəkdə dərin dəniz texnologiyalarının inkişafı sayəsində çıxarıla biləcəyi ehtimal olunur.

Xəbər lenti