Gündəm / Siyasət Bugün, 13:00

Fazil Mustafa: "Bakı görüşü mənəvi dəyərlərin qorunmasına və ortaq gələcəyə xidmət edir"



Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Fazil Mustafa dövlət başçısı İlham Əliyevin Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərlərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbulu zamanı etdiyi çıxışı şərh edib.

Komitə sədri qeyd edib ki, İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrinin qəbul edilməsi mühüm siyasi və mənəvi əhəmiyyət daşıyan hadisədir. O bildirib ki, bu qəbul həm türk dünyasında, həm də daha geniş coğrafiyada dini həmrəyliyin, qarşılıqlı anlaşmanın və multikultural dəyərlərin möhkəmləndirilməsi baxımından xüsusi önəm kəsb edir.

Millət vəkili hesab edir ki, bu cür görüşlər Azərbaycanın həm İslam dünyasında, həm də türk coğrafiyasında dialoq mərkəzi kimi rolunu daha da gücləndirir. Dövlət başçısının çıxışında qeyd olunan tarixi şəxsiyyətlərin irsinin xatırladılması milli kimliyin və mənəvi dəyərlərin qorunması istiqamətində mühüm mesajdır.

Deputatın fikrincə, Türk Dövlətləri Təşkilatı çərçivəsində dini qurumlar arasında əməkdaşlığın inkişafı yalnız dini sahə ilə məhdudlaşmır, eyni zamanda siyasi, mədəni və ictimai inteqrasiyanı da stimullaşdırır. Ümumilikdə, bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı təşviq etməkdir və bu istiqamətdə atılan addımlar türk dünyasının birliyinə xidmət edir.

Komitə sədri vurğulayıb ki, müasir dövrdə dinlərarası və mədəniyyətlərarası dialoq qlobal sabitliyin əsas sütunlarından biridir. Azərbaycanın bu sahədə nümayiş etdirdiyi model- tolerantlıq, multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yanaşma- beynəlxalq aləmdə nümunə kimi qəbul olunur. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmiz müxtəlif dinlərin və mədəniyyətlərin sülh şəraitində birgə yaşadığı məkan kimi tanınır.
Nəticə etibarilə, qeyd olunan qəbul və Prezidentin çıxışı yalnız diplomatik hadisə deyil, həm də ideoloji və mənəvi baxımdan mühüm mesajlar ehtiva edir. Bu mesajlar türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi, dini dəyərlərin qorunması və qlobal miqyasda sülhün təşviqi baxımından xüsusi aktuallıq daşıyır.

Xəbər lenti