ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Bakı səfəri bölgədə diplomatik aktivliyin artması ilə yanaşı geosiyasi tərəzinin yenidən kalibrlənməsi deməkdir. Bu səfər Güney Qafqazın, belə deyək, “mübahisə məkanı” olmaqdan çıxdığını, strateji qərar platformu kimi qəbul edildiyini göstərir.
Bəs bölgədəki duruma təsirlər nədir?
Birincisi – balansın açıq ifadəsi. – Vaşinqton məhz Bakıya məhz yüksək səviyyəli siyasi fiqur göndərirsə, bu, o deməkdir ki, ABŞ bölgədə sabitliyin mərkəzini tanıyır. Bu səfərdən sonra regional aktorlar – istər Moskva, istər Tehran, istərsə də Brüssel – bir məqamı daha aydın görür: Azərbaycanla hesablaşmadan Güney Qafqaz siyasəti qurmaq mümkün deyil.
İkincisi – enerji və daşımaçılıq xəritəsinin möhkəmlənməsini vurğulamalıyıq.
Orta Dəhliz, Xəzər üzərindən logistik arteriyalar, Avropanın enerji təhlükəsizliyi – bunlar artıq abstrakt layihə sayılmır. Bakı ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası bu xəttin siyasi təminatıdır. ABŞ faktiki olaraq bildirir ki, Qərbin Asiyaya çıxış qapısı Bakı üzərindən keçir.
Üçüncüsü – təhlükəsizlik arxitekturunun yenilənməsini deməmiz gərəkdir.
Antiterror əməkdaşlığı, müdafiə sənayesi, kiber təhlükəsizlik – bu sahələrdə konkret işbirliyi niyyətinin açıqlanması bölgədə yeni təhlükəsizlik koordinatları yaradır. Bu, kiməsə qarşı olmaq yox, regional sabitliyin qorunması naminə qurulan çərçivədir.
Gözləntilər nədir? Sıralamağa çalışaq:
1. Siyasi baxımdan:
Azərbaycan–ABŞ münasibətlərində dalğalanmaların azalması, daha sabit və proqnozlaşdırıla bilən xəttin formalaşması gözlənilir;
2. İqtisadi baxımdan:
ABŞ kapitallı texnoloji və enerji layihələrinin artması, özəlliklə süni intellekt, rəqəmsal infrastruktur və enerji şaxələndirilməsi sahəsində real yatırım mərhələsinə keçid;
3. Regional baxımdan:
Azərbaycan–Ermənistan sülh prosesinə dolayısı ilə əlavə siyasi impuls. – ABŞ açıq şəkildə göstərir ki, bölgədə uzunmüddətli sabitlik Bakı ilə əməkdaşlıqdan keçir.
4. Geosiyasi baxımdan:
Güney Qafqaz artıq “Rusiya təsir zonası” və ya “böhran xətti” kimi “tərif”dən çıxıb, qlobal logistik və enerji körpüsü kimi qəbul edilir.
Səfərin strateji anlamı dedikdə, bəli, bu səfər bir növ “bütün cəbhə boyu”nca cavabdır.
“ABŞ bölgədə passivdirmi?” sualına – “Yox” deyilir;
“ABŞ bölgədə tərəf seçirmi?” sualına isə “ABŞ sabitlik və strateji tərəfdaşlıq modelini seçir” kimi bir cavab cümləsi qurulur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış yeni regional gerçəklik – özəlliklə 44 günlük Vətən müharibəsindən sonra yaranmış güc balansı – artıq beynəlxalq sənədlərlə tanınır və qəbul edilir.
Beləliklə,
Vensin Bakı səfəri bölgədə ani sarsıntı yaratmır; o, strateji istiqamət verir.
Bax, bu istiqaməti belə oxuya bilərik:
– Enerji təhlükəsizliyi üçün – Bakı,
– Logistik ünvan üçün – Bakı,
– Regional sabitlik üçün – Bakı!
Bəli, Bakısız olmur; Bakıdan başqa Bakı yoxdur…
Bu, keçmişdə yaranmış boşluğun doldurulmasından irəli, gələcəyin arxitekturuna qoşulmaq qərarıdır.
Və Azərbaycana artıq geosiyasi oyunun iştirakçısı sifəti dar gəlir – Azərbaycan oyunun qurucu tərəfidir.
Dövlətimiz zaval görməsin!
Əkbər QOŞALI