Dünyanın ən sirli radiostansiyalarından biri hesab olunan və "Qiyamət" radiosu kimi tanınan "UVB-76" (The Buzzer) yenidən fəaliyyətə başlayıb. Aprelin 13-də stansiya növbəti müəmmalı şifrələrini yayımlayıb.
Planetinfo.az xəbər verir ki, bu barədə məlumat "UVB-76 LOGI" "Telegram" kanalında paylaşılıb.
Məlumata görə, radiostansiya efirdə "NZHTI 61140 ASSEMBLY 1167 7293" şifrəli kombinasiyasını səsləndirib.
Həmişəki kimi, rəqəm və hərflərdən ibarət kodlarla yanaşı, bu dəfə efirdə "lyusoştof" sözü də eşidilib.
Maraqlıdır ki, radionun bu sirli mesajı Macarıstanda keçirilən parlament seçkilərinin nəticələri ilə eyni vaxta təsadüf edib.
Xatırladaq ki, Macarıstandakı seçkilərdə 45 yaşlı Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyası 53,69% səslə böyük qələbə qazanaraq, parlamentdəki 199 yerdən 138-ni əldə edib və konstitusiya çoxluğuna sahib olub.