"Son illərdə Azərbaycanın beynəlxalq idman yarışlarının keçirildiyi əsas mərkəzlərdən birinə çevrilməsi dövlət siyasətinin ardıcıllığını təsdiqləyir. Xüsusilə Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə keçiriləcək Xizək üzrə Dünya Kuboku ölkəmizin qış idmanları sahəsində beynəlxalq idman təqviminə daxil olmasını təmin edəcək. Şahdağ Xizək Turizm Mərkəzinin hər il genişlənən infrastrukturu, yeni trasların istifadəyə verilməsi və özəl sektorun artan marağı regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir, minlərlə yeni iş yerinin yaradılmasına şərait yaradır".
Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Şövqi Həsənov deyib. O bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idman infrastrukturu təkcə paytaxtla məhdudlaşmır:
"Dəniz, dağ və qış turizmi zonalarının inkişafı, müasir yollar, dəmir yolu şəbəkəsi və 9 beynəlxalq hava limanının fəaliyyəti ölkə daxilində və regionlar arasında bağlantını gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və infrastruktur layihələri idman tədbirlərinin də bu ərazilərə inteqrasiyasına imkan yaradır.Suqovuşan və Köndələnçay su anbarlarında yarışların keçirilməsi, gələcəkdə Sərsəng su anbarında avarçəkmə üzrə yarışların təşkili perspektivi ölkəmizin idman coğrafiyasının genişləndiyini göstərir".
Anar