Gündəm / Siyasət / Dünya Bugün, 21:00

“Şeytan” raketi ABŞ-ı məhv edə bilərdi: 1 raketdə 250 “Xirosima” gücü



Keçmiş Sovet İttifaqının ən güclü qitələrarası ballistik raketlərindən biri olan R-36M (NATO kod adı - “Satan”, yəni “Şeytan”) ABŞ-a ağır zərər vura biləcək gücə malik olub.

Bu barədə "RİA Novosti"nin hərbi icmalçısı Andrey Kots məlumat verib.

Bildirib ki, R-36M raketi müxtəlif döyüş başlığı variantları ilə təchiz edilib. Onlardan biri hər birinin gücü 400 kiloton olan 10 döyüş blokundan ibarət bölünən döyüş başlığı olub.

Onun sözlərinə görə, raketin əsas üstünlüklərindən biri isə müdafiə sistemlərini keçmək imkanları idi. R-36M radarları çaşdırmaq üçün döyüş başlıqlarını imitasiya edən saxta hədəflərlə də təchiz olunmuşdu.

Kots deyib ki, raketin bir döyüş bloku Xirosimaya atılan təxminən 25 atom bombasının gücünə bərabər hesab edilirdi. Bu isə bir raketin ümumilikdə 250 “Xirosima” gücündə zərbə endirə bilməsi deməkdir.

Məlumata görə, keşmiş Sovet İttifaqında bu raketlərdən 190 ədəd istehsal edilib.

Qeyd olunur ki, daha əvvəl hərbi analitik İqor Korotçenko Rusiyanın yeni “Sarmat” qitələrarası ballistik raketinin cavab zərbəsi zamanı Böyük Britaniya və ya Fransanı tamamilə məhv edə biləcəyini bildirmişdi.

“Sarmat”ın modernləşdirilmiş R-36M2 raketlərini əvəzləməsi nəzərdə tutulur.

Xəbər lenti