Rusiya-Ukrayna müharibəsi və Avropada artan təhlükəsizlik təhdidləri fonunda Fransa və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı yeni mərhələyə keçirməyə hazırlaşır.
Paris və London NATO çərçivəsində əməkdaşlığın gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Avropanın müdafiə imkanlarının artırılması məsələlərində daha sıx koordinasiya barədə razılığa gəlib.
İki ölkə arasında hərbi planlaşdırma, kəşfiyyat məlumatlarının mübadiləsi və böhranların idarə olunması sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Avropanın üzləşdiyi təhdidlər yalnız hərbi risklərlə məhdudlaşmır. Kibertəhlükələr, kritik infrastrukturun qorunması, enerji təhlükəsizliyi və qeyri-qanuni miqrasiya da yeni təhlükəsizlik gündəliyinin əsas istiqamətləri sırasında yer alır.
Fransa və Böyük Britaniyanın daha sıx əməkdaşlığı Avropanın öz müdafiə imkanlarını gücləndirmək və dəyişən geosiyasi şəraitə daha koordinasiyalı cavab vermək cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.