İran parlamentində Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilə bağlı strateji fəaliyyət planı təsdiqlənib.
Bu barədə ISNA məlumat yayıb.
Planın əsas müddəalarına əsasən, ABŞ, İsrail və digər düşmən ölkələrə məxsus, eləcə də İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinə qadağa qoyulması nəzərdə tutulur. Qadağanın “Müqavimət cəbhəsi”nə qarşı aksiyalarda iştirak edən gəmilərə və onların daşıdığı yüklərə də şamil ediləcəyi bildirilir.
Bundan əlavə, İrana zərər vurmuş ölkələrə və ayrı-ayrı şəxslərə kompensasiya ödənilənədək onların Hörmüz boğazından və Fars körfəzindən keçidinə icazə verilməməsi planlaşdırılır.
Sənəddə qaydaları pozanlara qarşı ciddi maliyyə sanksiyaları da nəzərdə tutulub. Belə ki, pozuntuya yol verənlərə yükün dəyərinin 20 faizinə qədər cərimə tətbiq oluna bilər.
Hörmüz boğazı dünya enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.