Estoniya klubları Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) Rusiya klublarına ödənişləri dayandırmağı tələb edən məktub göndəriblər.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə dövlət televiziyası ERR məlumat verib .
Mənbənin məlumatına görə, petisiyanı 28 Estoniya klubu imzalayıb. Klublar hesab edirlər ki, Rusiya klublarına ödənişlər Avropa futbol ictimaiyyətinin prinsiplərinə uyğun deyil.
Avqust ayında "The Guardian" qəzeti Rusiya klublarının Həmrəylik Ödənişlərinin (SPP) başlanğıcından bəri UEFA-dan 10,8 milyon avrodan çox vəsait aldığını bildirmişdi. UEFA həmrəylik ödənişləri adətən Avropa yarışlarına vəsiqə qazanmaq üçün ölkədaxili səviyyədə kifayət qədər uğur qazanmayan klublara verilir. UEFA hesab edir ki, bəzi klubların Avropa yarışlarında iştirakdan əldə etdiyi əlavə gəlir nəzərə alınmaqla, bu cür ödənişlər Avropanın yüksək divizionlarında rəqabət balansını qoruyacaq. 2022/23 mövsümündə Rusiya klubları 3,305 milyon avro, 2023/24 mövsümündə 3,381 milyon avro və 2024/25 mövsümündə 4,224 milyon avro vəsait alıblar.
2022-ci ilin fevral ayında Beynəlxalq Futbol Federasiyası və UEFA Ukraynadakı vəziyyətə görə Rusiya klublarını və komandalarını beynəlxalq turnirlərdə iştirakdan məhrum edib.
Anar