“Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Bakı ilə Əbu-Dabi arasında formalaşmış yüksək səviyyəli siyasi dialoqun məntiqi davamı kimi qiymətləndirilə bilər. Prezidentlərin Əbu-Dabidə keçirdikləri görüş ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını və tərəflərin əməkdaşlığı uzunmüddətli perspektivdə dərinləşdirmək niyyətində olduqlarını nümayiş etdirir”.
Bunları
Planetinfo.az-a AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov deyib. O bildirib ki, Azərbaycan–BƏƏ münasibətləri uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığa, ölkələrin daxili işlərə qarışmama prinsiplərinə əsaslanan əməkdaşlıqdır:
“Məhz bu yanaşma iki ölkə arasında siyasi etimadın möhkəmlənməsinə və əməkdaşlığın davamlı xarakter almasına imkan yaradıb. Odur ki, dövlət başçıları səviyyəsində keçirilən hər yeni görüş sözsüz ki, tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və regional, eləcə də qlobal gündəmdə mövqelərin koordinasiyasına xidmət edir”.
Rəşad Bayramovun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq sahələrinin çoxşaxəliyi onu göstərir ki, səfər çərçivəsində siyasi münasibətlərlə yanaşı, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi də müzakirələrin prioritet istiqamətini təşkil edəcək:
“BƏƏ-nin beynəlxalq maliyyə və investisiya mərkəzi kimi dünyada hər keçən gün daha da artan rolu, Azərbaycanın isə enerji təhlükəsizliyi, nəqliyyat-logistika və regional bağlantılar sahəsində strateji mövqeyi iki ölkə arasında tamamlayıcı tərəfdaşlıq modelini formalaşdırır. Xüsusilə bərpa olunan enerji və innovativ texnologiyalar sahəsində əməkdaşlıq gələcək münasibətlərin əsas istiqamətlərindən biri kimi ön plana çıxır.
BƏƏ kimi nüfuzlu regional güc ilə sıx əməkdaşlıq rəsmi Bakının beynəlxalq mövqelərini gücləndirir. Odur ki, Prezidentin BƏƏ-yə səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir və bu səfər strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm diplomatik əhəmiyyət daşıyır”.
Anar