Siyasət 8-01-2026, 13:28

İctimai nəzarət korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasında mühüm alət rolunu oynayır




Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibəsində diqqət çəkən məqamlardan biri də cəmiyyətdə mövcud olan neqativ halların aradan qaldırılmasında ictimai nəzarətin rolu idi. Dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə edən, vətəndaşların şikayətlərinə biganə yanaşan məmurların özbaşınalıqlarının mərkəzi hakimiyyətə çatdırılmasında ictimai nəzarətin rolunu xüsusi vurğuladı və bir növ cəmiyyətə bu istiqamətdə daha fəal olmaq çağırışı etdi. Dövlət başçısı, ”Çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”.

Məsələ ilə bağlı fikirlərini Planetinfo.az-la bölüşən “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı deyib ki, Prezident İlham Əliyev müsahibələrində və çıxışlarında ictimai nəzarətin dövlət idarəçiliyində mühüm rol oynadığı dəfələrlə vurğulanıb. Onun sözlərinə görə, dövlət başçısının fikrincə, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması və aparılan islahatların real nəticə verməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Təsadüfi deyil ki, Cənab Prezident yerli televiziya kanallarına verdiyi müsahibədə bird aha bu məsələyə toxundu və cəmiyyəti prosesdə fəal olmağa çağırdı. Prezident İlham Əliyev qeyd etdi ki, müasir dövrdə effektiv idarəetmə yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmamalı, cəmiyyətin fəal iştirakı ilə tamamlanmalıdır. Bu baxımdan hesab edirəm ki, vətəndaşların, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin və ictimai institutların proseslərə cəlb olunması dövlət–cəmiyyət münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına xidmət edir.

Dövlət başçısının vurğuladığı kimi, ictimai nəzarət ilk növbədə korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasında mühüm alət rolunu oynayır. Açıq müzakirələr, ictimai rəyin nəzərə alınması və hesabatlılıq prinsipləri dövlət orqanlarının fəaliyyətini daha məsuliyyətli və səmərəli edir. Bu isə öz növbəsində vətəndaşların dövlətə olan etimadını gücləndirir”.

Arzuman Muradlı onu da qeyd edib ki, son illərdə ölkədə aparılan institusional islahatlar çərçivəsində vətəndaş müraciətlərinin operativ araşdırılması, elektron xidmətlərin genişləndirilməsi, açıq məlumatların əlçatanlığının artırılması da məhz ictimai nəzarətin güclü olmasından irəli gələn müsbət tendensiylardır:

“Dövlət və vətəndaş arasında qarşılıqlı etimada əsaslanan bu mexanizm ölkənin sosial-iqtisadi inkişafına, hüquqi dövlət quruculuğuna və demokratik dəyərlərin möhkəmlənməsinə mühüm töhfə verir. İctimai nəzarət nəticəsində dövlət məmurları və təşkilatlar cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını dərk edir. Bu da öz növbəsində qəbul edilən qərarların daha düşünülmüş şəkildə həyata keçirilməsinə imkan yaradır”.

Anar

Xəbər lenti