Siyasət 9-01-2026, 11:41

Avtoritar rejimlərdə yalnız kütləvilik rejim dəyişikliyi üçün yetərli olmur




“İranda dekabrın 28-dən bəri müşahidə olunan kütləvi etiraz aksiyaları ölkənin daxili siyasi sabitliyi ilə yanaşı, region və beynəlxalq ictimaiyyət üçün də ciddi suallar doğurur. Sosial-iqtisadi problemlər, sanksiyaların ağır təsiri, gənc nəslin artan narazılığı və ictimai azadlıqların məhdudlaşdırılması aksiyaların əsas səbəbləri kimi göstərilir”.

Bu fikirləri Planetinfo.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli İranda baş verən prosesləri şərh edərkən deyib. O bildirib ki, İran İslam Respublikası son 45 il ərzində dəfələrlə ciddi daxili böhranlarla üzləşib:

“2009-cu ilin “Yaşıl Hərəkatı”, 2017–2019-cu illərin sosial etirazları və 2022-ci ildə Mahsa Amini hadisəsindən sonra baş verən aksiyalar göstərdi ki, narazılıqlar dərin köklərə malikdir. Bununla belə, bu etirazların heç biri rejim dəyişikliyi ilə nəticələnməyib. Bunun əsas səbəbi hakimiyyətin güc strukturlarına tam nəzarəti, SEPAH-ın siyasi-iqtisadi sistemdə həlledici rolu və müxalifətin parçalanmış vəziyyətdə olmasıdır”.

Partiya sədri hesab edir ki, hazırkı aksiyalar geniş sosial bazaya malik olsa da, təşkilatlanma və vahid siyasi liderlik baxımından zəifdir:

“Etirazlar daha çox spontan xarakter daşıyır və konkret alternativ siyasi model təqdim etmir. Təcrübə göstərir ki, avtoritar rejimlərdə yalnız kütləvilik rejim dəyişikliyi üçün yetərli olmur. Siyasi elita daxilində parçalanma və ya təhlükəsizlik qüvvələrinin neytral münasibəti də vacibdir. İran nümunəsində isə hələlik belə bir daxili parçalanma açıq şəkildə müşahidə edilmir.

Anar

Xəbər lenti