David Seliverstov: "Beynəlxalq hüquq siyasi doktrinaları qiymətləndirmir" Magen David Azərbaycan insan hüquqları müdafiə mərkəzinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov beynəlxalq hüquq və ədalət kontekstində mühasibə verib.
Planetinfo.az həmin müsahibəni təqdim edir:
-Suallarımıza hazırsız?-Ədalət kontekstində,bəli!
-Bu hüquqi dosyenin hazırlanmasının əsas məqsədi nədir?-Bu hüquqi dosye beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi baxımından əhəmiyyət kəsb edən halların obyektiv təhlili məqsədilə hazırlanmışdır. Söhbət Venesuela Bolivarian Respublikasının prezidenti Nikolаs Мaduro ilə bağlı beynəlxalq səviyyədə müzakirə olunan məsələlərdən gedir. Dosye heç bir halda təqsirsizlik prezumpsiyasını pozmur və məhkəmə qərarını əvəz etmir; onun məqsədi beynəlxalq hüququn qəbul olunmuş prinsipləri — qanunilik, mütənasiblik və fərdi məsuliyyət — çərçivəsində faktların araşdırılmasına töhfə verməkdir.
-Belə mürəkkəb və həssas işlərdə məhkəmənin rolu necə müəyyən olunur?-Bu tip işlərdə əsas məsələ məhkəmənin institusional müstəqilliyi və ədalətli məhkəmə araşdırmasının təmin edilməsidir. Məsələnin hüquqi qiymətləndirilməsi ABŞ-ın Nyu-York Cənub Dairəsi üzrə Federal Məhkəməsinin baş (senior) hakimi Alvin Kenneth Hellerstein tərəfindən aparılır. O, ABŞ-da anadan olmuş və yəhudi hüquqi-etik ənənəsinə mənsub bir hakimdir. Bu ənənədə məhkəmə siyasi təsirin aləti deyil, həqiqətin, hüquqların və insan ləyaqətinin qorunması mexanizmi kimi qəbul olunur.
-Müdafiə hüququ bu prosesdə hansı əhəmiyyətə malikdir?-Müdafiə hüququ beynəlxalq hüququn və ədalətli məhkəmə araşdırmasının ayrılmaz hissəsidir. Bu prinsip bir çox beynəlxalq müqavilələrdə və məhkəmə təcrübəsində təsbit olunmuşdur. Təqsirləndirilən tərəfin maraqlarını amerikalı cinayət müdafiəçisi Barry J. Pollack təmsil edir. O da yəhudi etik-hüquqi ənənəsinə mənsubdur. Onun iştirakı bir daha göstərir ki, ictimai və beynəlxalq əhəmiyyəti yüksək olan işlərdə belə prosedur təminatlarının qorunması ədalətin legitimliyinin əsas şərtidir.
-Beynəlxalq hüquq bu cür hallara necə yanaşır?-Beynəlxalq hüquq siyasi doktrinaları qiymətləndirmir və mənəvi etiketlərdən istifadə etmir. Onun predmeti konkret hərəkətlər, bu hərəkətlərin hüquqi kvalifikasiyası və insan hüquqları baxımından nəticələridir. Burada şəxsin statusu deyil, qəbul edilmiş qərarların mütənasibliyi, hakimiyyətin məsuliyyəti və dövlətlərin beynəlxalq öhdəliklərinə riayət etməsi əsas götürülür.
-Bu kontekstdə ədalətin mahiyyəti nədir?-Bu kontekstdə ədalət nə cəza alətidir, nə də siyasi qarşıdurmanın davamı. Ədalət — hüquqa inamı bərpa edən, insan həyatını və ləyaqətini qoruyan, beynəlxalq hüquq nizamını möhkəmləndirən universal mexanizmdir. O, güc balansından deyil, hüquqi məsuliyyətdən qaynaqlanır.
-Bütün deyilənləri nəzərə alaraq, sizcə, aramızda səslənən bu fikirlərdən hansı nəticə çıxır? Sizin baxışınıza görə yekun prinsip nə olmalıdır?-Beynəlxalq hüquqda nə güc qalib gəlməlidir, nə də siyasət — qalib gəlməli olan yalnız və yalnız ədalətdir.