Siyasət 14-01-2026, 13:15

İsrail-ABŞ tandemi Yaxın Şərqin aparıcı dövlətlərindən birini də sıradan çıxarmağa qərarlıdır




“İranda baş verən proseslər narahatedici və təhlükəlidir. Hadisələrin axarı və xarakteri göstərir ki, bu etirazlar təkcə daxili faktorlara bağlı deyil. Xarici güclərin də aktiv iştirakı daha qabarıq özünü göstərir”.

Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, İsrail-ABŞ tandemi Yaxın Şərqin aparıcı dövlətlərindən birini də sıradan çıxarmağa qərarlıdır:

“Bunun üçün bütün variantlar masa üzərindədir. Etirazların ilkin etapında rejim aşırı gücdən çəkinərək bir qədər təmkinli davranış sərgiləsə də, proseslərin idarəolunan xaosa çevrilməsi riskini nəzərə alaraq sərt müdaxiləyə əl atdı. Yüzlərlə insan öldürüldü, xəsarət aldı, minlərlə protestant isə həbs edildi. Vaşinqton və Təl -Əvivin hədələyici tonu, İranın Ali Dinin Liderinə etirazların səbəbini daxili faktorlara deyil, xarici amillərə bağlamaq bəhanəsi verərək zorakılığın dozasını artırdı”.

Əli Orucov deyib ki, D.Trampın İrana mümkün hərbi müdaxiləsi əks effekt verər və böyük bir coğrafiyanı təsirləndirər:

“Həmçinin proseslərin mahiyyətindən yayındırar. Xarici düşmən hücumu mühafizəkarlar üçün bir fürsət olardı. Ona görə də mən hesab etmirəm ki, yardım yoldadır fikri birbaşa hərbi variant olaraq nəzərdə tutulsun. Aydındır ki, İsrail və ABŞ daha çox kiberhücum və təbliğat müharibəsinə üstünlük verməkdədir. İran Rusiya, Türkiyə və Çin üçün də strateji məna kəsb edən dövlətdir. Bunları da təbii ki, qərb paytaxtları, o cümlədən Vaşinqton və Təl-Əviv nəzərdən qaçırmamış olmazlar. Lakin bununla belə hər cür ssenariləri istisna etməməliyik”.

Anar

Xəbər lenti