Siyasət 16-01-2026, 11:22

Tramp İranı vurmaqdan niyə yayındı?




İranda davam edən etiraz aksiyaları fonunda Birləşmiş Ştatlar prezidenti İslam Respublikasına qarşı hərbi əməliyyatların keçirilməsi mümkünlüyü barədə bəyanat verən Ağ Ev rəhbəri Donald Tramp sonradan fikrini dəyişərək hələlik prosesləri izlədiklərini bildirdi. Bu arada xarici mediada yayılan xəbərlərə görə, hətta Tramp İsraildən belə İrana zərbə endirməməyi xahiş edib. Bəs görəsən Birləşmiş Ştatlar prezidentini İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarından nə yayındırıb?

Məsələ ilə bağlı Planetinfo.az-a açıqlama verən politoloq Arzuman Muradlı bunu bir neçə amillə əlaqələndirib. O bildirib ki, ilk növbədə burada ABŞ-ın, daha dəqiq desək Trampın iqtisadi marağını nəzərə almaq lazımdır:

“Bildiyimiz kimi keçən il avqustun 8-də Vaşinqtonda Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi. Həmin görüşdə əldə edilən mühüm razılaşmalardan biri də Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi, yəni Zəngəzur dəhlizi ilə bağl idi. Layihənin hazırlıq mərhələsi üçün artıq ABŞ-ın 140 milyon dollar ayırdığı bildirilir. Digər tərəfdən sözügedən marşrutun işə düşməsi Azərbaycan və Ermənistanla yanaşı, ABŞ-ın özünə də iqtisdi divident gətirəcək. Ona görə də hesab edirəm ki, Tramp iqtisadi maraqlarını nəzərə alaraq İrana qarşı hərbi əməliyyatlardan yayındı. Çünki hərbi əməliyyatların başlaması regionun yenidən müharibəyə sürüklənməsi, nəticə etibarilə TRIPP layihəsinin reallaşa bilməyəcəyi deməkdir. Çünki İran da bir nemə gün əvvəl bəyan etdi ki, Tehrana qarşı hərbi əməliyyat başlayacağı təqdirdə ABŞ-ın yaxın regiondakı bazaları vurulacaq. Bu baxımdan Tehranın TRIPP) layihəsinə də ciddi təhlükə yarada biləcəyi mümkündür. Ona görə də Tramp bu layihə üçün yatırdığı sərmayəni itirmək istəmir”.

Arzuman Muradlı onu da deyib ki, İrana qarşı hərbi əməliyyatlardan yayınmağa təsir edən digər amil isə Vaşinqtonun beynəlxalq imicinin mənfiyə doğru dəyişməsidir:

“Xüsusilə, Venesuela əməliyyatı və Qrenlandiyanı ələ keçirmək iddiasından sonra ABŞ-a qarşı beynəlxalü münasibət mənfiyə doğru dəyişib. Ona görə də Tramp daha bir problem yaşamaq istəmir. Demək olar ki, hələlik prosesləri izləməyə üstünlük verir”.

Anar

Xəbər lenti