Siyasət 19-01-2026, 11:04

“20 Yanvar - Qanla yazılan tarix” adlı dəyirmi masa keçirilib



20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə respublikanın müxtəlif dövlət qurumları, idarə və müəssisələrində anım tədbirləri keçirilir. Belə tədbirlərdən biri də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon MKS-nin 1 nömrəli kitabxana filialının təşkilatçılığı ilə olub.

Planetinfo.az xəbər verir ki, faciənin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar - Qanla yazılan tarix” adlı dəyirmi masa keçirilib.
İlk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir zamanı qeyd olunub ki, 20 Yanvar hadisələrindən 36 il ötür. Azərbaycan xalqının azadlıq mübarizəsinə həsr olunmuş bu faciə, Sovet qoşunlarının Azərbaycana hərbi müdaxiləsi nəticəsində baş verib və bu gün də xalqın yaddaşında dərin iz buraxıb.

Çıxış edənlər tariximizin, xüsusən də 20 Yanvar faciəsinin öyrənilməsi, araşdırılması, həqiqətlərinin gələcək nəsillərə olduğu kimi çatdırılması və bununla bağlı tədbirlərin vacibliyini vurğulayıblar.

Səbail Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının baş kitabxanaçısı, "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova çıxış edərək faciə günlərinə nəzər salıb. O bildirib ki, milli yaddaşımızın ən ağır, ən həssas və ən müqəddəs səhifələrindən birini birgə anmaq üçün buradayıq:
“Kitabxana sadəcə kitabların saxlandığı məkan yox, xalqın yaddaşının, tarixinin, ağrısının və qürurunun qorunduğu müqəddəs bir xəzinədir. 20 Yanvar isə bu xəzinənin qanla yazılmış səhifəsidir.

1990-cı ilin 20 Yanvar gecəsi tarix kitablarının soyuq rəqəmləri ilə yazılmadı — o, anaların göz yaşları, gənclərin yaraları və Bakı küçələrinə hopmuş qanla həkk olundu. Bu gecə yalnız faciə deyildi; bir xalqın susdurulmaq istənən səsinin tankların qarşısında ucaldığı böyük bir imtahan idi. Kitab rəflərində minlərlə səhifə var, lakin 20 Yanvar haqqında yazılan heç bir mətn o gecənin dəhşətini tam ifadə etməyə qadir deyil. Çünki həmin gecə tarix kağızdan çox, insanların ürəyinə yazıldı”.

Natiq qeyd edib ki, çox az danışılan, lakin unudulmamalı bir həqiqət var:

“Həmin gecə küçələrdə təkcə şəhid olanlar yox, onlarla eyni səviyyədə qəhrəmanlıq göstərən adsız insanlar da vardı. Qapılarını açıb yaralılara sığınacaq verən ailələr, işığı söndürüb insanları gizlədən qonşular, xəstəxanaya çata bilməyənləri öz avtomobillərində daşıyan sürücülər, həyatlarını riskə ataraq dərman tapan həkimlər… Onların adları kitablarda yoxdur, amma millətin vicdanında əbədi yaşayır”.
Susana Məmmədovanın sözlərinə görə, 20 Yanvar bizə mühüm bir dərs verdi:

“Azadlıq nəzəri anlayış deyil — o, iradə, birlik və fədakarlıq bahasına qazanılır. O gecə insanlar silahsız idilər, lakin mənən məğlub olmadılar. Bu gün kitabxanamızdakı hər bir kitab bir yaddaşdır. Lakin 20 Yanvar bizim üçün təkcə keçmişin xatirəsi yox, həm də gələcəyə qarşı məsuliyyətdir. Biz bu hadisəni sadəcə anmaq üçün deyil, onu düzgün şəkildə gələcək nəsillərə ötürmək üçün xatırlayırıq. Çünki yaddaşını itirən xalq kimliyini də itirər”.

O qeyd edib ki, 20 Yanvarı yalnız kədərlə yox, həm də başımız dik xatırlayırıq:
“Çünki o qanlı gecə bizim məğlubiyyətimiz deyil — mənəvi qələbəmiz oldu. Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik. Onların qanı bu torpağı azad etdi, onların xatirəsi isə bizi bir millət olaraq birləşdirir. Unutmayaq. Xalqın ən güclü silahı onun yaddaşıdır”.
Sonda kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş edilib.


Anar

Xəbər lenti