"Ermənistan hakimiyyəti, eləcə də xalqın mütləq əksəriyyəti artıq mövcud reallığı dərk edir. Reallıq isə ondan ibarətdir ki, bu ölkənin iqtisadi baxımdan inkişafının yeganə yolu Azərbaycanla sülh müqaviləsi bağlamaq və dinc yanaşı yaşamaqdır. Başqa alternativ variant yoxdur".
Bu fikirləri
Planetinfo.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, mövcud regional və beynəlxalq şərtlər də bunu tələb edir:
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması başda Birləşmiş Ştatlar olmaqla, dünyanın super güclərinin də marağındadır. Çünki sülh müqaviləsinin bir predmeti olan TRİPP marşrutunun (Zəngəzur dəhlizi) açılması təkcə Azərbaycan və Ermənistan deyil, eyni zamanda Birləşmiş Ştatlar üçün də faydalıdır. Ona görə də Vaşinqton prosesləri sürətləndirməyi, iki ölkə arasında qısa müddətdə sülh müqaviləsinin imzalanmasını istəyir".
Arzuman Muradlı deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu ərəfədə "Ermənistan və Azərbaycan arasında sülh qurulub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur" fikiri də təsadüfi deyil:
"Çünki Azərbaycanla sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistan üçün təhlükəsizlik və sabitlik vəd edir. Digər tərəfdən dəmir yolu, avtomobli yolları kimi kommunikasiyaların açılması Ermənistanı regional ticarət marşrutlarına qaytara bilər. Sülh müqaviləsi eyni zamanda Azərbaycan və Türkiyə bazarlarına çıxışı, bu da nəticə etibarilə iqtisadi artımı sürətləndirə bilər. Bir sözlə, Ermənistan Cənubi Qafqazda təcriddən çıxaraq regional layihələrin bir hissəsinə çevrilər".
Anar