“İkinci dünya müharibəsindən sonra Avropa özünün ən ciddi böhran dövürünü yaşayır. Qitə dövlətlər arasında yaranan fikir ayrılığı Avropa Birliyi və qitənin digər siyasi təsisatları daxilində də özünü büruzə verir. Ukrayna müharibəsi fonunda Rusiyanın çökdürülməsi və parçalanmasını hədəfləyən Avropa dövlətləri özləri faktiki olaraq bu mənfi tendensiya ilə üz-üzədirlər”.
Bu fikirləri
Planetinfo.az-a politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, Ukraynada müharibə təkcə Şərqi Avropanın təhlükəsizlik arxitekturasını deyil, bütün Avropa qitəsinin siyasi, iqtisadi və ideoloji balansını sarsıtdı:
“2022-ci ildən sonra Avropa İttifaqı və NATO daxilində nümayiş etdirilən formal birlik görüntüsünün arxasında dərin fikir ayrılıqları, maraq toqquşmaları və strateji ziddiyyətlər açıq şəkildə üzə çıxdı. Ukrayna məsələsi faktiki olaraq Avropanın kim olduğu və nə olmaq istədiyi sualını gündəmə gətirdi”.
Politoloq qeyd edib ki, Polşa, Baltik ölkələri, Rumıniya və Çexiya kimi dövlətlər Rusiyanı uzunmüddətli təhlükə kimi görüb və Ukraynanın məğlubiyyətini öz milli təhlükəsizliklərinin iflası kimi qiymətləndirdikləri halda, Macarıstan, Serbiya və digər bu kimi ölkələr tamam fərqli düşünür:
“Əslində adı çəkilən ölkələri də başa düşmək olar. Çünki həmin ölkələr, eləcə də Almaniya, İtaliya, Avstriya uzun illər ucuz Rusiya qazı ilə təchiz olunublar. Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı Qərbdən, Avropadan tətbiq edilən sanksiyalar adıçəkilən ölkələrin enerji təhükəsizliyində ciddi problemlər yaradıb. Bir sözlə Ukrayna müharibəsi Avropanın Rusiyadan enerji asılılığını kəskin şəkildə üzə çıxardı. Digər tərəfdən sanksiyalar və enerji axınının azalması, sənaye istehsalının zəifləməsinə, inflyasiyanın artmasına, sosial narazılıqların güclənməsinə səbəb oldu”.
Politoloq deyib ki, Ukrayna məsələsi Avropanın ABŞ-dan hərbi və siyasi asılılığını da yenidən gündəmə gətirdi:
“Bir sözlə Ukrayna məsələsi Avropanın zəif nöqtələrini üzə çıxardı”.
Anar