Siyasət 30-01-2026, 19:36

ABŞ-ın İrandakı rejimin dəyişdirilməsi planının uzun illər zaman ala biləcəyi ehtimalı yüksəkdir



“İran ətrafında gedən proseslər hərbi qarşıdurma fazasına daxil olmağa hər keçən gün daha da yaxınlaşmaqdadır. Yaxın Şərqdə böyük hərbi potensiala malik olan ABŞ-ın bölgəyə avidaşıyıcı və digər hərbi gəmilərdən ibarət yeni güc toplaması müdaxilənin uzaqda olmadığının göstəricisidir”.

Bunları Planetinfo.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Tramp adminstrasiyasının əsas təbliğat və fəaliyyət istiqamətlərindən birini dövlət büdcəsinə qənaət edilməsi və büdcənin müxtəlif qeyri-ənənvi yollarla zənginləşdirilməsi tutur:

“O zaman İran ətrafında toplanan hərbi gücə sərf edilən böyük məbləğdə maliyyə vəsaitinin arxasında real addımların atılacağı qənaəti güclənir. Venesuelada baş verdiyi kimi bir nəfərin hakimiyyətdən uzaqlaşdırılması ilə dövlətin daxili və xarici siyasətinin tamamilə dəyişəcəyi təcrübəsinin İranda da baş tutacağını gözləmək sadəlöhvlük olardı. İranda mövcud olan rejim yuxarıdan aşağıya doğru təşkilatlanmış inzibati, hərbi və iqtisadi gücə malikdir. İstisna etmirəm ki, ABŞ İran hakimiyyətinin daxilində mövcud olan qruplaşmaların biri və ya bir neçəsi ilə müəyyən sövdələşmələr aparır. Lakin onların da hakimiyyətin başına gətirilməsi asan olmayacaqdır”.

Elçin Ağamalı deyib ki, İranın dövlətçilik ənənələrini, rejimin amansızlığını və hərbi potensialını, yeri gəldiyində xarici müdaxiləyə qarşı cəmiyyətin konsolidasiya ola bilmək təcrübələrini nəzərə alsaq ABŞ-ın İrandakı rejimin dəyişdirilməsi planının İraq, Liviya və Suriyadakı kimi uzun illər zaman ala biləcəyi ehtimalı da yüksəkdir:

“İranın qonşuluğunda yerləşən dövlətlər üçün də ən pis ehtimal məhz budur”.

Anar

Xəbər lenti