Siyasət / Sosial 2-02-2026, 07:35

Azərbaycan gənci hərtərəfli qaydada dövlət tərəfindən diqqət və qayğı ilə əhatələnib



“2 fevral-Gənclər Günü Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə hədiyyəsidir. Bildiyimiz kimi 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü kimi qeyd edilməsi Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq sərəncam əsasında mümkün oldu. Artıq 30 ilə yaxındır ki, 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd edilir”.

Bu fikirləri Planetinfo.az-a səsləndirən “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması, bu siyasətin uğurla həyata keçirilməsi və istənilən nəticələrə nail olunması Heydər Əliyevin adı ilə bağlıdır:

“Məhz Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi gənclərlə iş sahəsində də əsaslı dönüş əldə edildi. Qısa müddətdə gənclərə yönəlik mühüm addımlar atıldı. Gənclərin problemləri, qayğıları ilə maraqlanacaq, birbaşa bu təbəqə ilə işləyəcək dövlət qurumu, Gənclər və İdman Nazirliyi də məhz Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərman əsasında yaradıldı. Sonrakı illərdə gənc istedadların üzə çıxarılması məqsədilə mükafatların təyin edilməsi, ali məktəblərə yüksək balla daxil olan gənclərə Prezident təqaüdünün verilməsi, dövlət hesabına gənclərimizin xarici ölkələrə ali təhsil almaq üçün göndərilməsi Azərbaycan gənclərinin həm bilikli, savadlı olması, həm də ictimai-siyasi proseslərdə fəal olmalarına yönəlmiş addımlar idi”.

Arzuman Muradlı deyib ki, Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu dövlət gənclər siyasəti bu gün Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Gənclərimizin xarici ölkələrin nüfuzlu universitetlərində ali təhsil almaları istiqamətində fəaliyyətlər bu gün də davam edir və müntəzəm olaraq bununla bağlı dövlət proqramları qəbul olunur. Ötən illər ərzində minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali təhsil ocaqlarında oxuyaraq güclü kadr kimi yetişiblər. Bu gün müasir idarəetmədə həmin kadrlardan geniş istifadə edilir”.

Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, bu gün dövlət gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və Azərbaycan gənci hərtərəfli qaydada dövlət tərəfindən diqqət və qayğı ilə əhatələnib.

Anar

Xəbər lenti