“Birləşmiş Ərəb Əmirlikləri İslam dünyasında, müsəlman aləmində Azərbaycanın ən yaxın strateji tərəfdaşlarından biridir. Əbu-Dabi ilə Bakı arasında təkcə siyasi deyil, eləcə də iqtisadi əlaqələr ən üst səviyyədə qurulub və bu əlaqələr hər ötən gün daha da inkişaf edir. Zaman-zaman baş tutan yüksək səviyyəli səfərlər bu əlaqələri daha da inkişaf etdirir və yeni bir mərhələyə keçməsinə zəmin yaradır”.
Bunları
Planetinfo.az-a politoloq Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfərini şərh edərkən səsləndirib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşdüyünü vurğulayan Arzuman Muradlı, söhbət zamanı iki ölkə arasında əməkdaşlığın bütün sahələrinə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərə nəzər salındığını deyib:
“Görüşün nəticəsi olaraq imzalanan sənədlər hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Tərəflər arasında imzalanan sənədlərdən biri “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd idi. Bu sənəd BƏƏ investorlarının Azərbaycana sərmayə yatırmasına stimul verəcək və hesab edirəm ki, iki ölkə arasında investisiya layihələrinin artmasına yol açacaq”.
BƏƏ investorlarının Azərbaycana marağının böyük olduğunu vurğulayan Arzuman Muradlı, “Masdar şirkətinin timsalında bunu göstərə bilərik. Bir neçə il əvvəl sözügedən şirkətin Azərbaycanda həyata keçirdiyi layihə bunu deməyə əsas verir. Xüsusilə, ərəb investorların, eləcə də Masdar şirkətinin alternativ enerji mənbələri, yaşıl enerjinin inkişaf etdirilməsinə sərmayə qoymaları günümüz üçün olduqca aktualdır və vacibdir”.
Arzuman Muradlı dövlət başçısının səfəri çərçivəsində hərbi sahədə imzalanmış sənədə də diqqət çəkib. Bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişarf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son illər BƏƏ ilə hərbi sahədə də əlaqələrin inkişaf etdiyinə diqqət çəkən Arzuman Muradlı, bir müddət əvvəl Azərbaycan hərbiçilərinin BƏƏ-də keçirilən təlimlərdə iştirakını bunun əyani sübutu kimi qeyd edib:
“Hesab edirəm ki, dövlət başçısının BƏƏ-yə səfəri ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyacaq”.
Anar