Siyasət 6-02-2026, 15:01

Cinayətkarlar layiqli cəzalarını aldılar



Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin fevralın 5-də keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib. Məhkəmə qərarına əsasən, onlardan bir neçəsi ömürlük həbs cəzasına, digərləri isə fərqli müddətə həbs cəzasına məhkum ediliblər.

Məhkəmə prosesinin yekunu və çıxarılan qərarla bağlı fikirlərini bölüşən “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Planetinfo.az-a bildirib ki, məhkəmənin erməni cinayətkarlar barədə çıxardığı qərar obyektivdir və onlar öz layiqli cəzalarını aldılar:

“Hər zaman olduğu kimi yenə də dünyada “ədalət” axtarışına çıxanlar erməni canilər barədə çıxarılmış məhkəmə hökmünü tənqid etməyə başlayıblar. Hələ məhkəmə qərarı elan edilmədən Fransa Senatının bu məsələni müzakirəyə çıxarması, erməni canilərə azadlıq tələb etməsi fonunda bunu aydın görürük. 30 ilə yaxın müddətdə Minsk qrupunun həmsədri kimi keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayan, hər zaman erməni maraqlarından çıxış edən bir ölkədən başqa bir mövqe də gözləmək sadəlövhlük olardı. Fransa Senatının yanaşması separatizmə, müharibə cinayətlərinə haqq qazandırmaq deməkdir”.

Arzuman Muradlı qeyd edib ki, Ermənistan dövlətinin çıxarılmış obyektiv məhkəmə qərarına etiraz etmədiyi halda, Fransa Senatının cinayətkarları müdafiə etməsi onların iç üzünü bir daha ortaya qoyur:

“Kimin nə deməsindən asılı olmayaraq heç bir qüvvə Azərbaycanın verdiyi qərara təsir göstərə bilməz. Erməni cinayətkarlar Azərbaycan xalqına qarşı törətdikləri terrorlar, müharibə və insanlıq cinayətlərinə görə öz layiqli cəzalarını alıblar və bu cəzanı da çəkəcəklər”.

Anar

Xəbər lenti