Siyasət Dün, 19:43

Hindistanın regionda təxribat yaratmaq cəhdləri



“Cənubi Qafqazda çoxdan gözlənilən sülhə bəzi güc mərkəzləri və dövlətləri tərəfindən mane olmağa çalışılır. Hindistanın bu günlərdə Ermənistana xeyli sayda döyüş texnikası, özüyeriyən hərbi texnikalar və s. verməsi belə deməyə əsas verir”.

Bu fikirləri Planetinfo.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, əvvəl bu cür təxribatçı hərəkətlərlə Fransa məşğul olurdu:

“İkinci Qarabağ Müharibəsindən Fransa çox çalışdı ki, regionda yaranmış müvəqqəti sülhü pozsun, yenidən gərginlik yaratsın. Ancaq buna nail ola bilmədi. İndi isə eyni oyunu Hindistan oynayır. Son günlər Ermənistana verilən silah-sursat, hərbi texnikaların verilməsi və bunun açıq şəkildə nümayişi belə deməyə əsas verir”.

Arzuman Muradlı deyib ki, əslində Hindistan bu addımı ilə həm də Cənubi Qafqazda ABŞ siyasətinə qarşı olduğunu açıq şəkildə ortaya qoyur:

“Vaşinqton regiona sülhün əldə edilməsi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılmasına çalışdığı halda Dehli Ermənistanı silahlandırmaqla regionda gərginliyi artırmağa, revanşistləri şirnikləndirməyə çalışır. Hesab edirəm ki, Ermənistan hakimiyyəti Dehlinin bu təxribatlarına uymamalı, silahlanma deyil, sülh müqaviləsinin imzalanmasına daha çox diqqət ayırmalıdır”.

Anar

Xəbər lenti