Vaşinqtonla Tehran arasında gərginlik davam etdikcə, yüksək keyfiyyətli peyk görüntülərində İranın İsfahandakı nüvə obyektinə giriş yollarının torpaqla möhürləndiyi məlum olub.
Planetinfo.az-ın məlumatına görə, İsrail və ABŞ İran hökumətinin nüvə proqramını məhdudlaşdırmaq səylərini davam etdirir.
ABŞ və İran danışıqlar masasında olsa da, müharibəyə hazırlıqlar da davam edir.
İsfahandakı nüvə obyektinin yüksək keyfiyyətli peyk görüntülərinin təhlil edildiyi bildirilir. Görüntülər göstərir ki, İsfahan nüvə obyektindəki tunel girişləri əsasən torpaqla örtülüb. Mərkəzi və cənub girişləri tamamilə basdırılıb, əlavə passiv müdafiə tədbirləri olan şimal girişi də torpaqla dolub. Bu addım ABŞ və ya İsrailin mümkün hava hücumuna və ya xüsusi təyinatlı qüvvələrin əməliyyatına qarşı ehtiyat tədbiri olduğu irəli sürülüb. Qeyd olunub ki, tunel girişlərinin möhürlənməsi potensial hava hücumunun təsirini azalda və obyektin içərisindəki avadanlıqlara və digər materiallara yerdən girişi çətinləşdirə bilər.
Bundan əlavə, SEPAH-ın siyasi məsələlər üzrə komandir müavini Əziz Qəzənfəri ABŞ-nin Oman danışıqlarından əvvəl İrana dörd şərt təqdim etdiyini və qəbul edilməsələr, hücum edəcəyi ilə hədələdiyini bildirib. Qəzənfəri ABŞ-ın ballistik raket proqramı, regional proksi qruplarına dəstək, zənginləşdirilmiş uran və nüvə məsələsi ilə bağlı danışıqlar aparmaq istədiyini xatırladaraq, İranın müdafiə qabiliyyətinin danışıqlar mövzusu olmadığını və danışıqlara baxmayaraq hərbi tədbirlər görməyə davam edəcəklərini əlavə edib.
Qeyd edək ki, ABŞ Hörmüz boğazından üzən gəmilərə İranın ərazi sularından uzaq durmaq barədə xəbərdarlıq edib. Gəmi kapitanlarına İran qüvvələri ilə qarşılaşacaqları təqdirdə ehtiyatlı olmaları tövsiyə edilib.