Siyasət Bugün, 12:29

Vensin səfərindən Moskvanın narahatçılığı



“Birləşmiş Ştatların vitse-prezidenti Cey De Vensin Cənubi Qafqaza səfərinin Rusiyada narahatçılıq yaratdığı müşahidə edilməkdədir. Vensin İrəvan və Bakıda keçirdiyi görüşlər ərəfəsində Kremlin mətbuat katibi Peskovun Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərə dair açıqlaması bu narahatlığı aşkar şəkildə ortaya qoyur”.

Bunları Planetinfo.az-a politoloq Arzuman Muradlı Kremlin mətbuat katibinin açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Rusiya öz imperiyapərəst siyasəti, keçmiş ittifaq dövlətlərinə öz “arxa bağçası” kimi baxması səbəbindən Cənubi Qafqaz ölkələri ilə Moskva arasında münasibətlər sərinləşib:

“İndi Birləşmiş Ştatların regiona nüfuz etdiyi, bölgə ölkələri ilə qarşılıqlı faydalı, bərabərhüquqlu prinsiplər əsasında əməkdaşlıq qurduğu bir ərəfədə Rusiyanın Azərbaycan və Ermənistanla əməkdaşlığa xüsusi önəm verdiyi barədə şimaldan gələn açıqlamalar siyasi blefdən başqa bir şey deyil. Əgər Rusiya doğurdanda region ölkələri ilə səmimi, bərabərhüquqlu əməkdaşlıqda maraqlı olsaydı, o zaman Azərbaycanla strateji tərəfdaşlıq sənədinə hörmətlə yanaşaraq sərnişin təyyarəmizi vurmazdı. Yaxud etdiyi böyük bir səhvi etiraf edərək həmin hadisəyə görə rəsmi şəkildə üzr istəyər, həlak olan və yaralananların ailələrinə kompensasiya ödəyərdi. Yaxud, Ermənistan hakimiyyətinin Qərbə meyillənməsinin qarşısını almaq üçün zaman-zaman bu ölkə daxilində siyasi gərginlik yaratmağa çalışmazdı. Eyni zamanda Gürcüstanın BMT səviyyəsində təsbit olunmuş ərazilərini işğal edib bu günə qədər orada separatçı rejim yaratmazdı. Göründüyü kimi, Rusiya regiona hər zaman özünün bir quberniyası kimi baxmağa çalışıb, Cənubi Qafqazda region ölkələrindən daha çox, öz maraqlarının təmin olunmasına səy göstərib. Artıq zaman dəyişib və Rusiya indiyə qədər region ölkələrinə qarşı yol verdiyi yalnışlıqlar səbəbindən Cənubi Qafqazdan təcrid olunur. Vensin səfəri ilə bu bir daha təsdiqini tapdı”.

Anar

Xəbər lenti