Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin peşəkar fəaliyyəti nəticəsində dövlətə xəyanət edən və hakimiyyəti zorla ələ keçirmək istəyən bir qrup milli satqın və xəyanətkar cinayət məsuliyyətinə cəlb edilərək, qanun qarşısında cavab verir. Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin sosial platforma üzərindən paylaşdığı videogörüntüdən məlum olur ki, vaxtı ilə dövlətin çörəyini yeyən, suyunu içən Ramiz Mehdiyev , Əli Kərimli, Abbas Abbasov, Qənimət Zayıdov, Fuad Qəhrəmanlı, Eldar Əmirov və onların digər riyakar havadarları ötən müddət ərzində düşmən dəyirmanına su tökməklə məşğul olub. Belə Vətən xainlərini əlbəttə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 278-ci və 32.5-ci maddələrinə görə, dövlətə xəyanət cinayəti törətmiş şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Biz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu demokratik, hüquqi və dünyəvi dövlətdə yaşayırıq. Humanizm prinsiplərinə əsaslanan dahi Heydər Əliyev hələ 1998-cı ildə Azərbaycanda ölüm hökmü cəzasının aradan qaldırılması üçün təşəbbüs göstərmiş və buna ümumbəşəri, milli, dünyəvi dəyərlər naminə nail olmuşdur. Əks halda bu gün ölkəmizə və dövlətimizə xəyanət edən satqın və riyakar zibil tullantılarının hər biri ölümlə cəzalanacaqdı ki, onlar belə cəzanı yetərincə haqq edirlər.
Sözügedən videoda "Milyarderlər İttifaqı" tərəfindən Azərbaycanda dövlət çevrilişi üçün Milli Şuraya ayrılan pulların AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tərəfindən alınması faktı ifşa olunub. Bundan sonra Fuad Qəhrəmanlı və Təzəxan Mirələmli facebookda platformasında bir-birinə zidd olan fikirlər səsləndiriblər. Deməli bu fakt da təsdiq edir ki, onların nə siyasi, nə də mənəvi əqidəsi ümumiyyətlə yoxdur.
Prezident İlham Əliyev Ulu Öndərimizin müdrik ideyaları əsasında Azərbaycanın hərtərəfli inkişafını, ərazi bütövlüyünü və suverenliyini layiqincə təmin etmişdir. Müstəqil və suveren dövlətimizdə yaşaya bilməyən Vətən xainlərinə torpağımızın bir qarışında belə azad yaşamaq haramdır. Çünki bunlar dövlətimizin uğuruna sevinməyən, onu parçalamağa çalışan anti-milli qüvvələrin kölələridir. Hər bir azərbaycanlı üçün hesab edirəm ki, bu misralar əbədi şüar olmalıdır. “Vətəni sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz”.
İlham Məmmədov, Milli Məclisin deputatı