Siyasət 16-02-2026, 19:01

Bakı-Belqrad əməkdaşlığı strateji xarakter daşıyır



“Serbiya Azərbaycanın Avropa məkanında ən etibarlı və ən strateji tərəfdaşlarından biridir. İki ölkə rəhbərləri arasında mövcud möhkəm dostluq və qarşılıqlı hörmət Bakı ilə Belqrad arasında iqtisadi-ticari münasibətlərin inkişafına da öz müsbət təsirini göstərir. Azərbycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Serbiyaya baş tutan səfəri iki ölkə arasında yeni əməkdaşlıq imkanları açacaq”.

Bunları Planetinfo.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bu səfər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər:

“Səfər çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişafına xidmət edir. Heç kimə sirr deyil ki, Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Rəsmi Belqrad hər zaman Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verib. Bu isə münasibətlərin strateji xarakter daşıdığını göstərir”.

Politoloq qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Serbiya ilə enerji əməkdaşlığı xüsusi önəm kəsb edir:

“Azərbaycan qazının Serbiya bazarına çatdırılması istiqamətində atılan addımlar ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirir və Serbiyanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir. Səfər çərçivəsində ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin təşviqi və biznes əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə olunub ki, bu da iqtisadi əlaqələrin daha dinamik şəkildə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir”.

Anar

Xəbər lenti