Siyasət 26-02-2026, 11:23

Həmin gecə Xocalı təkcə işğal olunmadı, insanlıq vəhşicəsinə məhv edildi




"26 fevral 1992-ci il tarixi Azərbaycan yaddaşına qanla yazıldı. Həmin gecə Xocalı təkcə işğal olunmadı, insanlıq vəhşicəsinə məhv edildi".

Planetinfo.az xəbər verir ki, bunları "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Suzana Məmmədova deyib. O bildirib ki, qarlı, amansız bir gecədə dinc insanlar mühasirəyə alındı:

"Qaçmağa çalışan qadınlar, uşaqlar, qocalar gülləbaran edildi. 613 nəfər qətlə yetirildi ki, onlardan da 63-ü uşaq idi. 8 ailə tamamilə məhv edildi. Qarın üzərində qalan izlər ayaq izi deyildi, yarımçıq qalan ömürlərin son xətti idi. “Dəhliz” deyilən yol ölüm tələsinə çevrildi. Meşələrdə şaxtadan donan insanlar, əsir götürülənlərə verilən işgəncələr bu cinayətin planlı soyqırımı olduğunu sübut etdi. Hücumda keçmiş sovet ordusunun 366-cı motoatıcı alay bölmələrinin iştirakı faciənin miqyasını daha da ağırlaşdırdı".

İctimai birlik sədri qeyd edib ki, tarix yalnız faciə ilə bitmədi:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və güclü iradəsi ilə o gecə anaların qucağında zülmlə çıxan körpələr illər sonra böyüyərək Vətən torpağının hər qarışını öpə-öpə, əllərində silah şərəflə geri aldılar.
Bu gün Xocalı azaddır. Bu gün o torpaq şəhid qanının şahidliyində yenidən dirçəlir".

Anar

Xəbər lenti