Rusiyanın Ukraynanı dəstəkləyən Avropa ölkələrini sabitsizləşdirmək səylərini artırdığı bir vaxtda NATO-nun baş hərbi komandanı Moskvanı çəkindirmək üçün müharibə planı hazırlayıb.
O, bu konsepsiyanı "blokla, kəskinləşdir və sındır" kimi təsvir edib. ABŞ Hərbi Hava Qüvvələrinin baş komandanı general Aleksus Qrinkeviç bildirib ki, alyans Rusiya ilə hərbi qarşıdurmanı "qaçılmaz" hesab etmir və generallar NATO-nun "qələbə nəzəriyyəsi" kimi tanınan gizli hərbi planının mahiyyətini ictimaiyyətə açıqlamaq üçün şüurlu bir qərar veriblər.
Qeneral Qrinkeviç Varşava Təhlükəsizlik Forumunda deyib: "Mənim etmək istədiyim şey, ittifaqımızın milyardlarla vətəndaşını bunun öhdəsindən gələ biləcəyimizə əmin etməkdir. Biz nə etməli olduğumuzu bilirik. Biz bunu necə edəcəyimizi bilirik”.
Polşanın Baş naziri Donald Tusk Ukraynanın müdafiəsi və NATO təhlükəsizliyinin ayrılmaz şəkildə əlaqəli olduğu barədə xəbərdarlıq edib:
“Hansısa səbəbdənsə - xəyanət, axmaqlıq və ya pul - Ukraynanı Rusiya təcavüzünə qarşı müdafiədə zəiflətmək istəyən hər kəs açıq-aydın öz millətinə, dövlətinin təhlükəsizliyinə və suverenliyinə qarşı hərəkət edir”.
Daha sonra general Qrinkeviçə Avropa müttəfiqlərinin Vaşinqtonun müdafiəsinə güvənə biləcəyi soruşulduqda, o, Polşa da daxil olmaqla, NATO-nun şərq cinahında minlərlə Amerika əsgərinin mövcudluğunu əsas gətirərək, ABŞ-ın tərəddüd edəcəyi ilə bağlı fikirləri rədd edib.
O, həmçinin 5-ci maddə ilə təmin edilən fundamental kollektiv müdafiə zəmanətini təsdiqləyən son sammit kommunikelərinə də toxunub.
General Qrinkeviç NATO-nun yeni doktrinasının birbaşa Ukrayna və Yaxın Şərqdəki müasir hərbi əməliyyatların dərslərinə əsaslandığını bildirib.
Xüsusilə, o izah edib ki, layihə dəqiq idarə olunan silahları "əlverişli kütlə" adlandırdığı şeylə - uzunmüddətli müharibə aparmaq üçün nəzərdə tutulmuş çox sayda muxtar sistem, pilotsuz uçuş aparatı və elektron müharibə vasitələri ilə birləşdirir. Onun qeyd etdiyi "blokla, kəskinləşdir və sındır” strategiyası düşmən ərazisini ələ keçirməyə cəhd etmədən işğalı dayandırmaq üçün nəzərdə tutulub.