Gündəm Bugün, 19:00

AZƏRBAYCANIN ÜZ-ÜZƏ QALDIĞI ÇOXXƏTLİ İDEOLOJİ–TEOPOLİTİK–SİYASİ MÜHİT VƏ TƏHDİDLƏR



Çoxları bilmir. Mən də müşahidə etdiyim qədər diqqəti bu məsələlərə yönəltmək istəyirəm.

Azərbaycanın:
-Özəlliklə quzey bölgələrində yaşayan sünni türklərə və Azərbaycan vətəndaşı olan digər Qafqaz xalqlarına qarşı Yaxın Şərq mənşəli sələfi, təkfirçi və vəhhabi cərəyanları vasitəsilə həyata keçirilən ciddi təsir, öz sıralarına adam cəlbetmə və müxtəlif strukturlara bağlama təhlükəsi mövcuddur. Üstəlik, bu strukturların formalaşdırılması və gücləndirilməsi üçün çox böyük maliyyə və digər resurslar sərf olunur.

-Təxminən 100 il kommunizmin təsiri altında yaşamış, dini inancları və dünyagörüşü də bu prosesdən təsirlənmiş bugünkü şiə və dünyəvi düşüncəli şiə Azərbaycan cəmiyyəti üzərində İran mərkəzli şiə siyasi islamçı cərəyanları nüfuz qurmağa çalışır. Onlar öz sıralarına tərəfdarlar cəlb etməyə, sosial dayaq formalaşdırmağa və İranın xeyrinə təsir dairələrini genişləndirməyə səy göstərirlər.

-Azərbaycanla Türkiyə arasındakı yaxınlıqdan fürsət kimi yararlanan, Türkiyədə fəaliyyət göstərən bəzi camaat, təriqət və ideoloji islamçı strukturlar da Azərbaycanda özlərinə fəaliyyət meydanı açmağa, nüfuz və güc qazanmağa çalışırlar. Keçmişdə FETÖ-nün Azərbaycanda həyata keçirdiyi fəaliyyətlər bunun nə demək olduğunu göstərən mühüm nümunədir.

-Diqqətçəkən başqa bir istiqamət Gürcüstanda yaşayan sünni Azərbaycan türkləridir. Keçmişdə Kərkük–Tazəxurmatu xəttində ələvi-bəktaşi türkmənlərin İranın yanaşması çərçivəsində şiələşdirilməsi, yaxın dövrdə isə Mosul da daxil olmaqla bütün türkmən coğrafiyasının Həşdi-Şəbi vasitəsilə, sünni-şiə fərqi qoyulmadan, İran mərkəzli bir vəkil qüvvəyə (proxy ünsürə) çevrilməsi ilə oxşarlıq daşıyan prosesdən söhbət gedir.

Gürcüstanda yaşayan sünni Azərbaycan türklərinə İranın xüsusi maraq göstərməsi, İran qaynaqlı şiələşdirmə fəaliyyətləri də daxil olmaqla, bu topluluqların tərəfdar toplama və təşkilati nüfuz proseslərinə cəlb edilməsi ayrıca araşdırılmalıdır.

Bu proseslərin dövlət, kəşfiyyat və təşkilati əlaqələri, eləcə də siyasi nəticələrinin öyrənilməsi son dərəcə vacibdir. (Borçalıdakı Qarapapaq–Tərəkəmə topluluqları, Kaxetiyadakı Azərbaycan türkləri və tarixi Ahıska türk yurdu son dərəcə mühüm bir əlaqə qurşağıdır.)

-Digər önəmli istiqamət Azərbaycanın yəhudi irsi və İsraillə münasibətləridir. Tarixi Xəzər Türk dövlətinin hakim elitasının bir hissəsinin müəyyən dövrdə yəhudiliyi qəbul etməsi, Azərbaycanda dağ yəhudilərinin köklü varlığı, Qırmızı Qəsəbə və İsraildə yaşayan Azərbaycan mənşəli yəhudilər bu münasibətlərin tarixi və ictimai əsaslarını təşkil edir.

Azərbaycan–İsrail münasibətlərinin təməl kodlarını anlamaq üçün tarix, kimlik, diaspora, təhlükəsizlik və geosiyasi maraqları birlikdə dəyərləndirmək vacibdir. Bu münasibətləri yalnız zahirdə görünən məqamlar əsasında izah etmək də, yalnız cari strateji maraqlarla məhdudlaşdırmaq da natamam yanaşma olardı.

-Daha bir maraqlı istiqamət: Zərdüştilik–atəşpərəstlik. Bakı yaxınlığındakı Atəşgah zərdüştilik tarixi baxımından dünyanın mühüm ziyarət məkanlarından biridir. Abşeron yarımadasının Suraxanı qəsəbəsində yerləşən bu məbəd-atəşgahda zərdüştilik tarixinin mühüm izləri vardır.

Bura çox qədim keçmişə malik olsa da, xüsusilə XVII–XVIII yüzilliklərdə bugünkü tarixi simasını qazanmış, əsasən Hindistandan gələn hindu və siqh topluluqları tərəfindən ibadət məkanı kimi istifadə edilmişdir.

Bütün bu teoloji, teopolitik və təhlükəsizlik mühitində fərqindəsinizmi, bilmirəm, amma Azərbaycan xalqı və dövləti çoxşaxəli ideoloji–teopolitik–siyasi nüfuz mübarizəsi ilə üz-üzədir.

Məsələ isə yalnız din deyil; din vasitəsilə insanları, cəmiyyəti və onların mənsubiyyət duyğusunu öz təsir dairəsinə almaq, son nəticədə siyasi nüfuz əldə etməkdir.

Qarabağda hərbi Zəfər qazanıldı. Ancaq cəbhədə qazanılan Zəfərin davamlı strateji nailiyyətə çevrilməsi cəmiyyətin mənəvi-mənsubiyyət dünyasının və dövlətin müstəqil qərarvermə iradəsinin qorunmasından da asılıdır.

BMT-də baş vermiş son hadisənin və Azərbaycan məktəblərində geyim qaydaları ilə bağlı məsələnin süni şəkildə şişirdilməsinin də məhz bu çərçivədə, özü də yalnız birbaşa əlaqələr baxımından deyil, asimmetrik təsirlər prizmasından yenidən düşünülməsi və dəyərləndirilməsi lazım gəldiyini hesab edirəm.
Bu, kimin işinə yaradı?
Kim kimə xidmət etdi?


DİNİ NÜFUZ, SİYASİ TƏŞKİLATLANMA VƏ MİLLİ SUVERENLİK

Bir dövlət üçün dini fəaliyyət özlüyündə, adətən, təhlükə deyil. Ancaq dini şəbəkələr xarici maliyyələşmə, təşkilati göstərişlər, siyasi səfərbərlik və kəşfiyyat əlaqələri ilə birləşdikdə vəziyyət dəyişir.

Başqa bir təhlükə isə şiəliyin, sünniliyin, dünyəviliyin və fərqli dini yozumların bir-birinə rəqib kimliklərə çevrilməsi, azərbaycanlı mənsubiyyətinin parçalanması, cəmiyyətlə dövlətin qarşı-qarşıya qoyulmasıdır.

Üstəlik, burada məsələ Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Gürcüstanda və bölgənin digər ərazilərində yaşayan Azərbaycan türklərinin də mədəni, dini və siyasi nüfuz mübarizələrinin bir hissəsinə çevrilməsinə çalışıldığı görünür.

Nəticə etibarilə, ümumi mənzərəyə baxdıqda yalnız dünyəviliklə dini azadlıq arasındakı tarazlığı deyil, təhlükəsizlik və geosiyasi həssaslıqları da nəzərə almaq lazımdır.


MƏNİM ÇIXIŞ YOLUM…

İllər boyunca Yaxın Şərqdə, Balkanlarda və Qafqazda qazandığım təcrübələrdən çıxardığım nəticə budur:

Dindən, dindardan, dövlətdən və gücdən sui-istifadə edən strukturlarla mübarizə apararkən yalnız dövlətin gücünə deyil, dinin öz dəyərlərinə də istinad etmək lazımdır.

İslamın içinə yerləşdirilmiş ruhbanlıq anlayışları, şirk ünsürləri və üsulları, siyasi, ideoloji, məzhəbi, dini cərəyanlara bağlı, tarixi və regional istismar mexanizmləri ilə yalnız ağıla, elmə, vicdana, ədalətə, həqiqətə və insan hüquqlarına əsaslanan həqiqi İslam vasitəsilə mübarizə aparmaq mümkündür.

Əks halda, din təhrif olunar, parçalanar, şirkin və şeytanın əlinə düşər, məzhəb fitnələrində olduğu kimi düşmənçilik və xarici manipulyasiyalar üçün əlverişli şərait yaranar, dövlətlə cəmiyyət arasında çatlar əmələ gələr və sui-istifadəyə açıq sahələr meydana çıxar.

Bu mübarizə güclü dövlət təfəkkürü və dərin teoloji bilik tələb edir.

Osmanlı dövlətinin süqutu və Cümhuriyyət dövründə Türkiyədə yaşananlar bu baxımdan böyük ibrət dərsləri ilə zəngindir.

Dövlət təfəkkürü ilə dini-teoloji bilik bir araya gəlmədikdə, sui-istifadə nəticəsində yaranmış boşluqları yalnız təhlükəsizlik tədbirləri ilə doldurmağa çalışmaq özü ilə böyük risklər gətirir.

Azərbaycanın məsələsi yalnız sərhədlərini qorumaq deyil; milli kimliyini, ictimai bütövlüyünü, dini azadlıqlarını və müstəqil qərarvermə iradəsini də qorumaqdır.

Bir ölkənin suverenliyi yalnız öz torpaqlarına hökmranlıq etməsi deyil; cəmiyyətinin mənsubiyyət duyğusunu, daxili sülhünü, dövlət–millət birliyini, inanc–dövlət və ideologiya uyğunluğunu, ortaq hədəflərə yönəlmə qabiliyyətini və bütün bunlarla birlikdə öz gələcəyini öz iradəsi ilə müəyyənləşdirmək gücünü qorumasıdır.

“Çünki türklər üçün dövlət yalnız bu dünya qarşısında deyil, Allah və məhşər qarşısında da məsuliyyət şüuru ilə mövcuddur”.

Əməli çıxış yolu isə bunlardan keçir:

-Dindən, dindardan, dövlətdən və gücdən sui-istifadə edən, özünü İslamın təmsilçisi kimi göstərən, lakin İslamla heç bir əlaqəsi olmayan hər cür siyasi, ideoloji, mötədil və radikal, məzhəbi və müxtəlif dini cərəyanlara bağlı strukturların bilik, şüur və güc vasitəsilə qarşısının alınması;

-İnsanlara həqiqi İslamın iman, ağıl, vicdan, elm, ədalət, əxlaq və həqiqət olduğunu öyrətmək;

-Müqəddəs kitabımız Quranı insanlarımızın mütləq özlərinin anlaya biləcəyi dildə oxumasını təmin etmək;

-İstəyən hər kəsin öz azad iradəsi ilə başını örtməsi və ya örtməməsi, dövlətin də bu azadlığı himayə etməsi.

Və maraqlıdır ki, Türkiyə–Azərbaycan strateji yaxınlığı da məhz bu bütövlüyün əsas dayaqlarından biridir.

Onsuz da hədəfə alınan məsələlərdən biri, bəlkə də ən mühümü budur.

Bu, yalnız Azərbaycan üçün deyil, bütün Türkiyə və İslam dünyası üçün keçərlidir.

Yoxsa durumumuz göz qabağındadır.

Bu qədim fitnə indi Azərbaycanla Türkiyə arasında dolaşır.

Türkiyənin tarixi təcrübəsinin düzgün oxunması isə yalnız Azərbaycan üçün deyil, bütün Türküstan üçün də böyük bir dərsdir.

Sayğılarla,

Abdullah AĞAR
12 oktyabr 2026-cı il

Xəbər lenti